Dövlət bankı ABB (Azərbaycan Beynəlxalq Bankı ASC) 2025-ci ilin ilk rübündə tarixinin rekord həcmi 1 milyard 132 milyon manatlıq cəmi gəlir, 261 milyon manatlıq xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 11,2% artaraq 261,3 milyon manata çatıb. 2024-cü ilin analoji dövründə bu göstərici 235,1 milyon manat təşkil etmişdi.
Beləliklə, ABB-nin balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 546,9 milyon manata yüksəlib.
Faiz gəlirləri il ərzində 20,6% artaraq 805,6 milyon manata yüksəlib. Artım əsasən müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin 25,4% artması ilə bağlı olub – bu göstərici 480,2 milyon manatdan 602 milyon manata çatıb. Bankın qiymətli kağızlardan əldə etdiyi faiz gəlirləri də 29% artaraq 103,4 milyon manatdan 133,4 milyon manata yüksəlib. Digər tərəfdən, banklar və maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 68,2% azalıb.
Faiz xərcləri ötən illə müqayisədə 71% artaraq 165,6 milyon manatdan 283,4 milyon manata çatıb. Bu artım əsasən depozitlər üzrə ödənilən faizlərin 89,5 milyon manat çoxalması ilə bağlıdır. Nəticədə bankın xalis faiz gəliri 2,9% artaraq 512,7 milyon manata bərabər olub.
Qeyri-faiz gəlirləri 43% artaraq 326,5 milyon manata yüksəlib. Bu artımın əsas səbəbi valyuta əməliyyatlarından gəlirlərin 35% çoxalması və digər gəlirlərin iki dəfədən çox artaraq 65,4 milyon manata çatmasıdır.
Qeyri-faiz xərcləri isə 24,7% artaraq 352,6 milyon manatdan 439,9 milyon manata yüksəlib. Xərclərin artımı əsasən əməkhaqqı və inzibati xərclərlə əlaqədardır.