27 C
Baku
Monday, July 14, 2025

ABB ilk yarım ildə 155 milyon manat xalis mənfəət əldə edib

ABB (Azərbaycan Beynəlxalq Bankı 2025-ci ilin ilk yarısında 730.6 milyon manat ümumi gəlirə qarşı 155.4 milyon manat xalis mənfəət əldə edib.

Banker.az bu barədə Bankın ilin ilk 6 ayı üçün açıqladığı maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, ABB 2025-ci ilin ilk yarısında 155,5 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövründəki 172,4 milyon manatla müqayisədə 10 faiz azalmadır. Bankın bölüşdürülməmiş mənfəəti 1 iyul tarixinə 441 milyon manat üzərində olub.

Bununla belə, mənfəətdəki bu geriləməyə baxmayaraq, bankın gəlirləri artmaqda davam edib.

Faiz gəlirləri 2024-cü ilin ilk altı ayındakı 437,3 milyon manatdan 531,7 milyon manata qədər yüksəlib. Bu artım əsasən müştərilərə verilmiş kreditlər üzrə əldə olunan gəlirlərlə bağlı olub – bu göstərici 310 milyon manatdan 394 milyon manata yüksəlib. Qiymətli kağızlardan gələn faiz gəlirləri də ciddi artım nümayiş etdirərək 65,4 milyon manatdan 90 milyon manata çatıb.

2024-cü ilin ilk yarısında faiz xərcləri 96,7 milyon manat idisə, bu il həmin göstərici 181,8 milyon manata qalxıb. Beləliklə, dövlət bankının xalis faiz gəliri 335 milyon manatdan 341,8 milyon manata qədər cəmi 2 faiz artıb.

Qeyri-faiz gəlirləri 146,5 milyon manatdan 199 milyon manata qədər yüksəlib. Ən böyük artım haqq və komissiya gəlirlərində olub – 106 milyon manatdan 125,5 milyon manata çatıb. Xarici valyutadan gəlir 25,5 milyon manatdan 39 milyon manata qalxıb. Digər gəlirlər də təxminən ikiqat artaraq 15,2 milyon manatdan 31,8 milyon manata yüksəlib.

Qeyri-faiz xərcləri isə 222,9 milyon manatdan 284,3 milyon manata qədər artıb. Əmək haqqı və kompensasiya xərcləri 84,3 milyon manatdan 105,6 milyon manata, inzibati xərclər isə 14,7 milyon manatdan 16,7 milyon manata yüksəlib. Bundan başqa, mümkün zərərlər üçün yaradılmış ehtiyatlar da əhəmiyyətli dərəcədə – 109,9 milyon manatdan 148,9 milyon manata qədər artıb.

 

 

345 1

Son xəbərlər
Digər xəbərlər