Azərbaycanda dövlətə məxsus ABB (Azərbaycan Beynəlxalq Bankı) 2021-ci ili yüksək maliyyə nəticələri ilə tamamladı.
Banker.az bu barədə ABB-nin illik maliyyə hesabatına istinadən xəbər verir.
ABB-nin aktivlərinin həcmi tarixində ilk dəfə olaraq 11 milyard 483.86 milyon manata çatdı. Bu son rüb ərzində 2 mlrd. 51.16 mln. manat, yaxud 22% artım, illik ifadədə isə 2 521.06 mln. manat, yaxud 28% artım olub. Lakin bu bankın tarixində maksimum deyil. belə ki, sonuncu dəfə 2016-cı ildə 14 mlrd dolların üzərində idi aktivləri.
ABB-nin aktivlərində müsbət dinamikanın əsas drayveri nağd pul vəsaitləri və kredit portfelidir. Dövlət bankının əldindəki nağd pul vəsaitlərinin həcmi son ildə 2.5 dəfə artaraq 6 411.94 mln. manata çatıb. Aktivlərində digər ən böyük paya sahib olan isə 3 099.45 mln. manatlıq kredit portfelidir. Bu portfel 2021-ci ildə 19% artım göstərib.
Kredit portfelinin 778.61 mln. manatı istehlak, 1 587.25 mln. manatı biznes və 733.58 mln. manatı isə ipoteka kreditləridir.
DEPOZİTLƏRDƏ SIÇRAYIŞ
Ölkənin sistem əhəmiyyətli bankı son bir ildə böyük müştəri inamı qazanıb. Bankın öhdəliklərinin həcmi 2021-ci ilin əvvəlindən sonuna 2 409.92 mln. manat, yaxud 32% artımla 10 046.11 mln. manata qədər artıb.
Depozit portfeli son ildə 2 712.09 mln. manat, yaxud 49% artımla 8 261.67 mln. manata çatıb. Portfeldə 1 282.97 mln. manatı fiziki şəxslərin, 6 978.69 mln. manatı isə hüquqi şəxslərin vəsaitləridir.
ABB-nin kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 213.29 mln. manat olmuş, borc qiymətli kağızların həcmi isə 1 621.16 mln. manatdan 769.05 mln. manata qədər düşüb.
Bankın 1 yanvar 2022-ci il tarixinə 1 437.75 mln. manat cəmi kapitalı var, bunun da 1 225.64 mln. manatı səhm kapitalı, 61.29 mln. manatı isə bölüşdürülməmiş mənfəət təşkil edib.