13 C
Baku
Thursday, November 14, 2024

ABB-nin artıq 35 mindən çox səhmdarı var!

®24 sentyabr 2024-cü ildə ABB-də Bankın səhmlərinin yerləşdirilməsi prosesinin nəticələri ilə bağlı brifinq keçirilib. 

Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli müvafiq Sərəncamı əsasında dövlət müəssisələrinə özəl investisiyaların cəlb olunması məqsədilə belə bir kütləvi emissiya tədbirinin ilk dəfə məhz ABB-də həyata keçirildiyini diqqətə çatdıran İdarə Heyətinin sədri Abbas İbrahimov qeyd edib ki, 3 aylıq proses ölkəmizin kapital bazarları üçün tarixi nəticə ilə tamamlanıb. 

Belə ki, ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub. Beləliklə, ABB-nin səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb. Abbas İbrahimov maraqlı bir müqayisəni jurnalistlərin diqqətinə çatdırıb: “Müstəqillik dövründə ölkəmizin bank sektorunda cəlb olunan əmanətçilərin ümumi sayı, təqribi hesablamalara görə, 70 – 75 min ətrafındadır. ABB səhmlərinə abunə yazılışı prosesində cəmi 3 ay ərzində tərəfdaşlarımızın dəstəyi ilə bu rəqəmin, demək olar, yarısına çatmaq mümkün oldu”. 

Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı 7,8%-ə qədər artmış olur.

İdarə Heyəti sədrinin sözlərinə görə, əsas hədəf Sərəncamın məqsədinə uyğun olaraq mümkün qədər çox sayda vətəndaşımızın ABB səhmlərinə abunə yazılması idi. Səhmdar sayının artması ölkəmizin kapital bazarlarında böyük canlanma yaradacaq, yeni investisiya fürsətləri bu bazarı inkişaf etdirəcək. “Mahiyyətcə bu, əsl xalq IPO-su – səhmlərin kütləvi yerləşdirilməsidir” – Abbas İbrahimov bildirib. 

Brifinqdə səhmlərin yerləşdirilməsi ilə bağlı digər maraqlı faktlar da jurnalistlərə təqdim olunub. ABB səhmlərinə sifarişlərin 84%-i məhz rəqəmsal kanallar üzərindən verilib. Say etibarilə ümumi sifarişlərin 24%-ni yaşı 30-dək olan gənc investorlar yerləşdirib. Bu, bir tərəfdən gənclərin ABB səhmlərinə böyük marağını, digər tərəfdən isə Azərbaycanın kapital bazarları üçün yeni investor kütləsinin formalaşdığını göstərir. ABB-nin yeni səhmdarlarının 29%-i qadınlardır, səhmdarların 22%-i regionları təmsil edir. 

Abbas İbrahimov deyib: “ABB səhmlərinə olan kütləvi maraq göstərdi ki, cəmiyyətimiz belə təcrübələrə hazırdır. Tərəfdaşlarımızın bizə dəstəyi bu təcrübənin geniş yayılmasında, yeni investisiya fürsətinin hər kəs üçün əlçatan olmasında böyük rol oynadı. O, proses boyu Banka göstərilən dəstəyə görə müvafiq qurumlara, o cümlədən Mərkəzi Banka, Azərbaycan İnvestisiya Holdinqinə, Bakı Fond Birjasına, Milli Depozit Mərkəzinə səhmlərə abunə yazılışında iştirak etmiş bütün banklara, investisiya şirkətlərinə təşəkkürünü bildirib. 

İdarə Heyətinin sədri ABB-nin 2024-cü ildə də gəlirlə fəaliyyət göstərdiyini, cari ilin 1 sentyabr tarixinə 212 milyon manatdan çox xalis mənfəət qazandığını nəzərə çatdıraraq qeyd edib ki, yeni səhmdarlar da gələn ilin əvvəllərindən Bankdan dividend gəlirləri əldə etməyə başlayacaqlar. 

ABB ölkəmizdə kapital bazarlarının inkişafı prosesinin növbəti mərhələlərində də fəal iştirak edəcək. Abbas İbrahimov məlumat verib ki, bir neçə gündən sonra ABB səhmlərini ABB mobil tətbiqi üzərindən təkrar bazarda alıb-satmaq mümkün olacaq. ABB səhmlərinin təkrar bazarda ticarətinin təşkili, qiymət sabitliyinin təmin olunması üçün başqa əhəmiyyətli addımlar da atılıb. Tezliklə, səhmlərin likvidliyinə əlavə dəstək məqsədilə təkrar bazara “market makerlər” də qoşulacaq.

İdarə Heyətinin sədri jurnalistləri maraqlandıran digər suallara da aydınlıq gətirib.

Səkil2 1

 

Son xəbərlər
Digər xəbərlər