Azərbaycanda dövlətə məxsus olan ABB (Azərbaycan Beynəlxaql Bankı ASC) 2021-ci il üzrə audit hesabatını açıqladı.
Banker.az xəbər verir ki, hesabatı tanınmış “Ernst and Young” audit şirkəti tərəfindən aparılıb.
Audit hesabatına görə, ABB 2021-ci ildən uğurlu nəticələr əldə edə bilib.
Hesabat ilində 139.59 milyon manatlıq xalis mənfəət əldə edib.
ABB-nin faiz gəlirlərinin həcmi 441.97 mln. manat olub. Faiz gəlirləri azalıb. Çünki bu rəqəm 22020-ci ildə 442.87 milyon manat təşkil edirdi. Bu cüzi azalmada əsas drayver bank və digər maliyyə institutlarından yığılan faiz gəlirlərinin öncəki ildə 93.09 mln. manat olduğu halda, 2021-ci ildə 79.55 mln. manata və “AqrarKredit” QSC-dən daxil olmaların 27.6 mln. manatdan 23.4 mln. manata düşməsidir. ABB-nin müştərilərə verdiyi kredit faizlərdən gəlirləri 297.2 mln. manat (2020: 291.02 mln. manat), qiymətli kağızlardan isə 39.81 mln. manat (18.06 mln. manat) təşkil edib.
2020-ci ildə 141.33 mln. manat faizlər üzrə xərc çəkən dövlət bankının 2021-ci ildəki bu xərcləri yüngülləşib, 116.23 mln. təşkil edib. Burada azalmaya əsas səbəb kimi, qiymətli kağızları üzrə faiz ödənişlərinin 96.45 mln. manatdan 69.48 mln. manata düşməsini xüsusi qeyd etmək lazımdır.
ABB-nin qeyri-faiz gəlirləri və xərcləri çıxıldıqdan sonra onun mənfəəti 183.07 mln. manat olub ki, buradan da dövlətə 43.48 mln. manatlıq mənfəət vergisi ödəmiş olub.
BALANSI
Ölkənin ən iri bankının aktivlərinin həcmi 11.75 mlrd. manata yetib. Ən böyük aktivlərə malik olan bank bununla illik 2.55 mlrd. manat (bu da hardasa 4-5 orta Azərbaycan bankının cəmi aktividir), yaxud 28% artıma nail olub.
Lakin, aktivlərdəki artımda əsas fəaliyyət istiqamətinin rolu güclü deyil. Məsələn, balansında 1 yanvar 2022-ci il tarixinə 6.84 mlrd. manatı təkcə pul vəsaitləri və onların ekvivalentləridir. Kredit portfelinin payı 2.96 mlrd. manat, 1.08 mlrd. manatı isə qiymətli kağızlar üzrə portfelidir.
Öhdəliklərinin həcmi 34% artım göstərərək 2021-ci ilin sonuna 10.05 mlrd. manat olub.
Burada artımda əsas payı müştərilərdən cəlb edilmiş depozitlərin həcminin bir il 5.46 mlrd. mamadan 8.7 mlrd. manata yüksəlib.
Bankın 1 yanvar 2022-ci il tarixinə 1.7 mlrd. manat cəmi kapitalı mövcuddur.