Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətindən verilən məlumata görə bankın İslam Bankçılığı departamentinin investisiya portfelinin həcmi ilin əvvəlindən 1,5 dəfə artaraq 2014-cü il sentyabr ayının sonuna 175,7 mln. manat təşkil etmişdir.
2014-cü ilin doqquz ayı ərzində əhalinin (hazırda ABB-nin İslam Bankçılığı departamentinin fəaliyyəti Bakı şəhərini əhatə edir) İslam qaydaları əsasinda Banka qoyduğu əmanətlərin həcmi 10 dəfəyə qədər artmışdır. Belə ki, cari ilin yanvar ayında bu məbləğ 1,69 mln. manat idisə, oktyabrın əvvəlinə 10,1 mln. manat olmuşdur.
Son iki il ərzində ABB-nin İslam Bankçılığı departamenti tərəfindən beynəlxalq maliyyə bazarından 218,7 mln. ABŞ dolları məbləğində vəsait cəlb olunmuşdur.
ABB ölkədə İslam bankçılığının tətbiq edilməsi üzrə layihə çərçivəsində yaradılmış “İslam pəncərəsi”-nin açılması haqqında 2012-ci ilin sentyabrında elan etmişdi. Az sonra ABB-nin İdarə Heyətinin qərarı ilə bankda İslam bankçılığı departamenti yaradılmışdır. ABB-nin “İslam pəncərəsi” müştərilərə xidmət göstərməyə aprel ayından başlamışdır. Bank tərəfindən təklif edilən xidmətlərin spektrinə İslam bankçılığının icarə – ənənəvi lizinqin analoqu, vəkalə depozit – ənənəvi depozitin analoqu, İslam bank kartları, Qard Hasan hesablarının açılması daxildir.