®1 iyun 2022-ci il tarixində ABB-nin milli valyutada manatla istiqrazlarının emissiyasının “Açılış Zəngi” olub. İstiqrazlar 20 milyon manat həcmində, 2 il müddətinə, illik 6% kupon dərəcəsi ilə emissiya edilib. 9 investorun sifarişi əsasında istiqrazlar tam məbləğdə yerləşdirilib. “Açılış Zəngi” mərasimində Azərbaycan Mərkəzi Bankının, Bakı Fond Birjasının rəhbər şəxsləri də iştirak edib.
ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyev ilk dəfə Azərbaycan manatı ilə istiqraz emissiyasının həyata keçirilməsinin ABB-nin fəaliyyətində xüsusi bir gün olduğunu bildirib. O, ABB-nin 30 il ərzində sistem əhəmiyyətli universal bank kimi həm sektorda, həm də ümumən ölkəmizin biznes mühitində bir çox mütərəqqi ənənələrin formalaşmasında fəal iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, manatla istiqraz emissiyası da bunlardan biridir: “İstiqrazların emissiyası, ABB-nin öhdəliklərinin, maliyyələşmə mənbələrinin alət və müddət baxımından diversifikasiyasına dəstəkdir. Eyni zamanda, ölkəmizdə kapital bazarlarının inkişafına yönəlmiş addımdır. İnanırıq ki, bu addım, maliyyə sektorunun, korporativ qiymətli kağızlar bazarının inkişafına, maliyyə alətlərinin diversifikasiyasına töhfə verəcək. Vətəndaşlar və investorlar üçün yeni investisiya imkanlarının formalaşmasında da xüsusi rol oynayacaq”. Onun sözlərinə görə, bazar trendlərini, müştəri tələblərini nəzərə alaraq, ABB-nin yaxın gələcəkdə emissiya sayını artırması istisna deyil.
Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Samir İsmayılov son illər ölkəmizdə qiymətli kağızlar bazarının inkişafı istiqamətində görülən işlərdən danışıb. Bu cür emissiya tədbirlərinin bazarda getdikcə yüksələn aktivlikdən xəbər verdiyini bildirib.
Bakı Fond Birjasının İdarə Heyətinin sədri vəzifəsini icra edən Eldar Abdullayev də qiymətli kağızlar bazarındakı son artım göstəricilərinə diqqət yönəldib. ABB-nin manatla istiqraz emissiyasının bazara daha da müsbət təsir göstərəcəyini qeyd edib. Mərasimin sonunda emissiyanın açılışını bildirən simvolik zəng səsləndirilib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.