Bu barədə 3 iyul 2024 il tarixində Azərbaycan Mərkəzi Bankının Baş direktoru Əli Əhmədov ilə bank sədrləri arasında onlayn görüş zamanı “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) səhmlərinin kütləvi təklifi ilə bağlı müzakirə zamanı bildirilib.
Banker.az xəbər verir ki, yerli kapital bazarında səhmlərin ilk dəfə kütləvi satışının həyata keçirilməsi, abunə yazılışına investorların böyük maraq göstərməsi, həmçinin rəqəmsallaşma və infrastruktur qurumlarının sistemlərinə çıxışın təmin olunması nəticəsində geniş investor kütləsini əhatə etməsi məsələləri haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, artıq ötən aydan başlayan abunə yazılışı prosesinə ABB və “ABB – İnvest” investisiya şirkəti ilə yanaşı, digər investisiya şirkətləri də qoşulub.
Xatırladaq ki, ABB səhmlərinin kütləvi təklifi çərçivəsində dövriyyəyə daha 322 000 000 ədəd səhmin buraxılması və investorlara satılması nəzərdə tutulur. Bir səhmin nominal qiyməti 27 qəpikdir. Hər bir investor kiçik məbləğlə, yəni 100 ədəd səhmdən başlayaraq ABB-nin səhmlərini ala bilər. Bu, hər bir Azərbaycan vətəndaşının ABB-də səhm sahibi olmasına imkan verir. 11 iyun 2024-cü ildən başlayaraq abunə yazılışı başlayıb.