8 C
Baku
Thursday, January 8, 2026

ABB-nin səhmləri yay minimumundan 17% bahalaşıb – Səhmlər niyə cəlbedici oldu?

Azərbaycanda səhmləri yeganə sərbəst ticarətdə olan dövlət bankı ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) səhmləri iki il əvvəlki IPO-dan sonra son illərin ən uzunmüddətli yüksəliş qiymət intervalını qorumaqla yadda qalıb.

Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, ABB-nin səhmləri hazırda 29–30 qəpik diapazonunda ticarət edilir. 2025-ci ilin noyabrından bu diapazona daxil olan səhmlər ardıcıl doqquzuncu həftədir ki, minimal olaraq orta qiymətini 29 qəpik səviyyəsində qoruyur. Hazırkı diapazon yay aylarındakı minimal qiymətdən təqribən 17% yüksəkdir.

Hazırda səhmləri əsas dəstəkləyən məqam ABB-də yüksək həcmli xalis mənfəət və dividend premyasıdır. Məsələn, dövlət bankı sonuncu dəfə üçüncü rübdə 261.3 mln. manat xalis mənfəət əldə edib. Məlum olur ki, bank sektorunun həmin dövr üzrə ümumi mənfəətində dövlət bankının payı təxminən 29% təşkil edir. Mərkəzi Bankın son məlumatlarına görə isə sektor ilk 11 ayda ümumilikdə 1 milyard 58.9 milyon manat xalis mənfəət əldə edib.

“İlin sonuna qədər mənfəətin daha da artacağı proqnozlaşdırılır”, – deyə bankın İdarə Heyətinin üzvü, Bankın Baş maliyyə inzibatçısı Nəbi Əliyev səhmdarlara bu ilin mənfəətindən də yüksək dividend ödənişinə imkan yaranacağına işarə edib. Əliyev bunu ilk üç rübünə dair açıqlamasında bildirmişdi. Bank ötən ilin mayında ümumilikdə səhmdarlara 200 mln. manat dividend ödəyib.

33333Mənbə: BFB

Bununla belə, ABB səhmlərini dəstəkləyən digər fundamental faktor hazırda Mərkəzi Bankın pul siyasətindəki yumşalmadır. AMB-nin son siqnalları və faiz endirimləri demək olar ki, bütün əsas banklarda müşahidə olunub. Banker.az-ın monitorinq qrupunun dünənki araşdırmasına görə, indiyə qədər yüksək faiz təklif edən müddətli depozitlərin illik dərəcələri nisbətən aşağı düşməkdədir. Adətən depozitlərin gəlirliliyi azaldıqda investorlar üçün səhmlər daha cəlbedici olur. Məsələn, ABB-nin 2025-ci ilin mayındakı dividend gəlirliliyi 16% təşkil edib.

Bankın mövcud maliyyə göstəriciləri səhmdarlara cari ilin mənfəətindən təxminən 16%-ə yaxın dividend ödənişinə imkan yaradır.

 

Son xəbərlər
Digər xəbərlər