Sektorun sistem əhəmiyyətli ən iri bankı ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) 2026-cı ilin ilk rübü üzrə xalis mənfəəti 110,57 mln. manata yüksəlib. Bu da ötən ilin eyni dövründəki 65,66 mln. manatla müqayisədə 68,39% artıb.
Banker.az xəbər verir ki, ABB-nin faiz gəlirləri 257,67 mln. manatdan 295,08 mln. manata çataraq 14,52% artıb. Bu artım əsasən müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin 191,40 mln. manatdan 232,37 mln. manata yüksəlməsi ilə bağlı olub ki, bu da 21,41% artım deməkdir.
Faiz xərcləri daha sürətli artaraq 83,55 mln. manatdan 107,09 mln. manata yüksəlib ki, bu da 28,18% artım deməkdir. Artım əsasən depozitlər üzrə faiz xərclərinin 11,27% artması və pul bazarı alətləri üzrə xərclərin 77,92% yüksəlməsi ilə əlaqəlidir. Nəticədə xalis faiz gəliri 170,32 mln. manatdan 179,64 mln. manata qalxaraq 5,47% artım göstərib.
Qeyri-faiz gəlirləri illik 74,40% artımla 135,05 mln. manata yüksəlib. Bu artım əsasən komissiya gəlirlərinin 74,29 mln. manata çatması (43,04% artım) ilə əlaəqlidir. Xarici valyuta əməliyyatlarından gəlirlər isə 35,39% azalıb.
Eyni zamanda qeyri-faiz xərcləri də artaraq 130,17 mln. manatdan 158,79 mln. manata yüksəlib (21,99%). Bu artım əsasən əmək haqqı xərclərinin 35,10% və digər xərclərin 14,59% artması ilə əlaqədardır.
SƏHM BAZARI…
Bu xalis mənfəətdən sonra bankın balansında 1 aprel tarixinə 731,85 mln. manata qalxıb.
ABB 2025-ci ilin maliyyə nəticələrinə əsasən səhmdarlara dividend ödənilməsini planlaşdırır. Bu barədə keçən ay ABB-nin İdarə Heyətinin səhmdarlara göndərdiyi bildirişdə qeyd olunub. Səhmdarların növbəti ümumi yığıncağı 07.05.2026-cı il tarixində keçiriləcək.
Bank rəhbərliyi dividend gəlirliliyinin nominal qiymətə nisbətdə təxminən 16% olacağını gözləyir və ümumi dividend fondunun 200 mln. manatı keçəcəyi ehtimal olunur.
Son aylarda ABB səhmləri Bakı Fond Birjasında 0.31 manat olub ki, bu ötən ilin əvvəlindəki 0.25 manatdan 24 faiz bahadır.
ABB üzrə son illərin dividend göstəricilərinə görə, 2020-ci ilin mənfəəti üzrə 2021-ci ildə 110 milyon manat həcmində dividend ödənilib və bu, hər səhmə düşən təxminən 2.4 qəpik təşkil edib. 2021-ci ilin nəticələrinə əsasən 2022-ci ildə dividend məbləği 125 milyon manata yüksələrək hər səhmə düşən 2.8 qəpiyə çatıb.
2022-ci ilin mənfəəti üzrə 2023-cü ildə 156.6 milyon manat dividend ödənilib və hər səhmə düşən 3.4 qəpik olub. 2023-cü ilin nəticələrinə görə 2024-cü ildə bu göstərici 185 milyon manata və hər səhmə düşən 4.1 qəpiyə yüksəlib. 2024-cü ilin mənfəəti üzrə isə 2025-ci ildə təxminən 200 milyon manat dividend ödənilməsi və hər səhmə düşən 4.4 qəpik olub.
Başqa əsas maliyyə göstəricilərində də artım var. Bankın cəmi aktivləri 2026-cı ilin ilk rübünün sonunda illik müqayisədə 5% artaraq 14,31 mlrd. manata yüksəlib. Kredit portfeli 1,1% artaraq 7,08 mlrd. manatdan 7,16 mlrd. manata çatıb. Artım əsasən istehlak və daşınmaz əmlak kreditləri hesabına formalaşıb, biznes kreditlərində isə cüzi azalma qeydə alınıb. Müştəri depozitləri 1,31% artaraq 8,89 mlrd. manatdan 9,01 mlrd. manata yüksəlib. Əhalinin depozitlərində artım, hüquqi şəxslərdə isə cüzi azalma müşahidə olunub.






