Ölkəmizin ən böyük bankı olan ABB bu günlərdə 2024-cü il üzrə maliyyə nəticələrini elan etdi. İlin yekunlarına Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovla birgə nəzər saldıq:
-Abbas müəllim, ABB 2024-cü ili hansı maliyyə nəticələri ilə başa vurdu?
-2024-cü il də ABB-nin strateji inkişafının ən uğurlu illərindən oldu. Belə ki, Bankımız 2024-cü ili 293,732,04 min manat xalis mənfəətlə tamamlamışdır. ABB-nin əməliyyat gəlirləri əvvəlki illə müqayisədə 2024-cü ildə 22,8% artmışdır. 2024-cü ilin maliyyə nəticələrinə əsasən, Bankın dövlət büdcəsinə 131 milyon manat vergi və digər ödənişlər etməsi gözlənilir. Kredit portfelimizdə iri həcmdə, 1.3 milyard AZN, yəni 25,8%-lik artım baş vermişdir. Biznes kreditləri portfelimizi 605 milyon manat artımla 3,109,246.09 min manata yüksəltmişik. İlin nəticələrinə əsasən, biznes və ipoteka kreditləri üzrə bazar lideri olmuşuq.
-Bankın müştəri sayında da artım varmı?
–2024-cü ildəki ən böyük inkişaf göstəricilərimizdən biri də elə məhz bu istiqamətdədir. Artıq 4 milyon müştəri ABB-nin xidmətlərindən istifadə edir, aktiv müştərilərimizin sayı son 1 il ərzində rekord həcmdə, 32% artmışdır. Yenilikçi, faydalı məhsul və xidmətlərimiz, rəqəmsal həllərimiz, süni intellekt modellərindən istifadə ilə fərdi təkliflərimiz loyal ABB müştərilərinin sayını günü-gündən artırır.
Qürur duyduğumuz bir göstəricini də xüsusi vurğulamaq istərdim, Banka 2024-cü ildə gələn yeni müştərilərin 65%-i məhz rəqəmsal kanallardan, yəni Bank filialına daxil olmadan cəlb edilib. Bu, hazırda dünyadakı müasir bankların hədəflədiyi bir göstəricidir.
-ABB hazırda nə qədər effektiv fəaliyyət göstərir?
-Müştəri sayımızı və gəlirlərimizi artırmaqla yanaşı, səmərəli fəaliyyət, xərclərimizin optimallaşdırılması da daim gündəliyimizdədir. ABB komandası olaraq, həm ölkəmizdə, həm regionda nümunəvi bank olmağı, dünyanın ən qabaqcıl banklarının, şirkətlərinin təcrübələrini tətbiq etməyi hədəfləmişik.
Satış, müştəri əlaqələri və risk sahəsində 36 generativ və prediktiv süni intellekt modeli tətbiq edirik. Son bir il ərzində əməliyyatlar, klirinq və komplayns kimi arxa ofis işlərində 100-dən artıq prosesi RPA alətlərinin tətbiqi ilə robotlaşdırmağa nail olmuşuq. Bütün bu müasir texnologiyalar, sürətlə artan müştərilərimizə layiqli xidmət göstərməyimizə və səmərəli fəaliyyətimizə dəstək olur. Süni intellekt və RPA alətlərinin son 2 ildə ABB-yə birbaşa müsbət maliyyə təsiri 25 milyon manat ətrafındadır, yüzlərlə əməkdaşımızın vaxtına qənaət edirik. ABB-də xərclərin gəlirlərə nisbəti əmsalı dünyanın qabaqcıl kommersiya banklarında olduğu kimi 40%-in altındadır.
-ABB-nin müştəri sayı və gəlirləri artsa da, xalis mənfəətində 2023-cü ilin nəticələri ilə müqayisədə bir qədər azalma var. Bu nə ilə bağlıdır?
– Bu, bir neçə istiqamətdə xərclərimizin artması, gələcəyə investisiyalarımızla əlaqəlidir. İlk növbədə, il ərzində artan 1.3 milyard manatlıq kredit portfelimizin maliyyələşdirilməsinə çəkilən faiz xərci və mümkün kredit risklərinə qarşı ehtiyatlanma xərcini qeyd etmək olar. Biz ötən il fiziki şəxs əmanətləri bazarında aktiv olduq. Yeni rəqəmsal əmanətimiz DigiDepozitin də gücü ilə əmanət portfelimizi 600 milyon manata yaxın artırdıq. Bundan əlavə, gəlirlərimizi müştərilərimizlə daha çox bölüşdük. Müxtəlif loyallıq proqramlarımız, o cümlədən Fayda Max və Mil proqramları vasitəsilə müştərilərimizə 40 milyon manatdan artıq fayda ötürdük. Müştərilərimizə daha yaxşı və etibarlı xidmət üçün yeni texnoloji həllərə və IT infrastruktura investisiyalarımız daim davam edir.
– ABB səhmdarlarını bu il də dividend gözləyirmi?
– ABB 6 ildir səhmdarlarına ardıcıl olaraq yüksək dividend ödəyən sağlam, dayanıqlı və mənfəətlə çalışan bankdır. Bu il ilk dəfə kütləvi emissiyadan sonra sayları 35 mindən artıq olan səhmdarlarımızla, vətəndaşlarımızla gəlirlərimizi bölüşəcəyik. Bu, komandamız üçün ayrıca bir qürur mənbəyidir. Təsəvvür edin ki, fəaliyyətinizin nəticəsi onminlərlə ailənin, yüzminlərlə insanın həyatına müsbət toxunuş edir, birbaşa fayda verir.
Prudensial hesabatlara əsasən, 2024-cü il üzrə yüksək xalis mənfəət – 293 milyon manat qazanmışıq. Beynəlxalq mühasibat standartlarına əsasən isə ilkin hesablamalara görə, bir qədər daha artıq, təqribən 340-350 milyon manat xalis mənfəət proqnozlaşdırırıq. Bu göstəricilər səhmdarlarımıza ən azı 15% gəlirliliklə dividend ödənişlərinə imkan yaradır.
ABB menecmenti olaraq, qanunvericiliyə uyğun şəkildə, beynəlxalq mühasibat standartlarına əsaslanan maliyyə hesabatımıza kənar auditorun rəyindən sonra, Səhmdarların Ümumi Yığıncağında dividend ödənişi məsələsinə baxılması üçün təklif verəcəyik. Düşünürəm ki, bu proses ilin ikinci rübünün ortalarına qədər başa çatacaq və səhmdarlarımız dividend qazanclarını əldə edəcəklər.