Dünyanı bürümüş COVID-19 koronavirus infeksiyası, demək olar ki, bütün ölkələrdə iqtisadi fəallığı aşağı salıb. Bəs iqtisadiyyatın mərkəzində qərar tutan bank sektoru bu vəziyyətdən necə çıxacaq?
Suallarımızı Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov cavablandırır:
-Abbas müəllim, yaranmış son vəziyyət bankların fəaliyyətinə öz təsirlərini necə hiss etdirir?
– Bir tərəfdən, COVID-19 pandemiyası, digər tərəfdən də neftin qiymətinin ucuzlaşması nəticəsində ümumən dünya iqtisadiyyatında yeni bir dövr başlanıb. Azərbaycan iqtisadiyyatı da beynəlxalq iqtisadiyyatın bir hissəsidir, üstəlik, neft ixrac edən ölkə kimi bizim üçün neftin qiyməti əhəmiyyətli rol oynayır. Ona görə iqtisadiyyatın müxtəlif seqmentləri, o cümlədən bank sektoru üçün müəyyən risklər ortaya çıxır.
Bununla belə, vəziyyət adekvat şəkildə idarə olunmaqdadır. Azərbaycan hökuməti son prosesləri kifayət qədər hazırlıqlı qarşıladı və mümkün risklərin minimallaşdırılması üçün müvafiq tədbirlər görülür.
Bildiyiniz kimi, hələ martın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qlobal məkanda baş verən son proseslərin ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin görülməsinə dair sərəncam imzalayıb. İşçi qrupları yaradılıb, nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən lazımi vəsait ayrılıb.
Artıq iqtisadiyyatın müxtəlif seqmentlərinə dövlət dəstəyi üçün hazırlanan proqramlar barədə mətbuata və cəmiyyətə açıqlamalar verilib. Proqramların maliyyə həcmi – 2,5 milyard manatdır, bu da iqtisadiyyatın həcmi ilə müqayisədə MDB məkanında və regionda dövlətin yaranmış yeni şəraitlə bağlı ölkə iqtisadiyyatına ən böyük dəstək paketidir.
Proqramlar hazırlanarkən fəaliyyət sahələrinin təsnifləşdirilməsi, yəni ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələrin müəyyən edilməsi də məsələyə yüksək peşəkarlıqla yanaşmanın, hər bir detalın nəzərə alınmasının göstəricisidir.
-Bildiyimiz qədər bu proqramların bir qismi sırf bank sektoru ilə əlaqədardır…
-Bəli, proqramlardan bəziləri məhz bank sektoru ilə əlaqədardır. Bunlardan biri pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə dəstəkdir. İndiki şəraitdə bu sahibkarların ödəniş yükünün yüngülləşdirilməsi və kredit portfellərinin keyfiyyətinin qorunub saxlanması çox mühümdür. Təbii ki, bu məsələdə xüsusi meyarlar tətbiq ediləcək. İndiyədək intizamlı ödəyici olan sahibkarların mövcud faiz yükünün böyük bir hissəsinin, 10% bəndinin subsidiyalaşdırılması və Sahibkarlığın İnkişafı Fondu vasitəsilə dövlət tərəfindən ödənilməsi onlar üçün böyük bir dəstək olacaq.
Bank sektoru ilə bağlı digər önəmli proqram isə yenə bu sahələrdə fəaliyyət göstərən sahibkarlara yeni verilmiş kreditləri əhatə edir. Burada dövlətin ikili dəstəyi var. Yəni dövlət həm yeni ayrılmış kreditlərin 60%-ə zəmanət verir, həm də yenə bu kreditlərin faizlərinin yarısını, maksimal 7.5% bəndinədək hissəsini subsidiyalaşdırır. Bu isə o deməkdir ki, dövlət həm real sektorun, zərər görmüş sahibkarların böhrandan sürətlə çıxmasına şərait yaradır, həm də bankların fəaliyyətində risklərin minimallaşmasına, sektorda canlanmaya dəstək verir.
Bir sözlə, Azərbaycan dövləti hər zaman olduğu kimi, yenə də öz vətəndaşlarının, iş adamlarının yanındadır. Onlara dəstək olmaq üçün zəruri iqtisadi və maliyyə resurslarına malikdir. Ümid edirik ki, həm dünya, həm Azərbaycan iqtisadiyyatı görülən tədbirlər sayəsində tezliklə bu sınaqdan da çıxacaq.
-Dövlət ipoteka kreditləri ilə bağlı da müəyyən tədbirlər planlaşdırır. Bu tədbirlər ipoteka bazarında nələri dəyişəcək, Azərbaycan Beynəlxalq Bankının bu istiqamətdə planları nədir?
– İpoteka kreditləşməsi, tikinti sektorunun maliyyələşdirilməsi Azərbaycan Beynəlxalq Bankı üçün çox mühüm biznes istiqamətidir, bu istiqamətdə böyük bir kredit portfelinə sahibik. Bank bu sahədə zəngin təcrübəyə malikdir.
Biznesə və iqtisadiyyata dəstək üçün nəzərdə tutulan proqramlardan biri də məhz ipoteka kreditlərinə dəstək proqramıdır. Bu proqram çərçivəsində görülən işlər ölkəmizdə tikinti sektorunu və bu sektorla əlaqəli digər biznes sahələrini canlandıracaq. Çünki bu gün tikintilərdə istifadə edilən materialların əksər hissəsi yerli istehsaldır. Proqramın eyni zamanda sosial tərəfi də çox əhəmiyyətli çəkiyə malikdir. Bununla, vətəndaşların mənzil təminatı yaxşılaşacaq, sektora cəlb olunan yeni əmək qüvvəsi məşğulluq məsələlərinə köməklik göstərəcək.
İpoteka kreditləşməsi ilə bağlı hədəflər bizim 2022-ci ilə qədər nəzərdə tutulmuş strateji inkişaf planımızda da özünə yer alır. Biz yeni dönəmdə ipoteka kreditlərinə dəstək proqramının biznes üçün yaratdığı imkanlardan istifadə edib bu istiqaməti inkişaf etdirəcəyik.
-Azərbaycan Beynəlxalq Bankı özü yaranmış son vəziyyətlə bağlı hər hansı daxili tədbirlər həyata keçirirmi?
-Pandemiya təhlükəsi ilə əlaqədar hazırda ölkədə karantin rejimi tətbiq olunur və bu dönəmdə bizim atdığımız əsas addımlar müştərilərimizin, əməkdaşlarımızın sağlamlığının qorunması ilə bağlıdır. Hazırda Azərbaycan Beynəlxalq Bankında Böhranın İdarə edilməsi Mərkəzi yaradılıb. Çalışırıq ki, bank xidmət və məhsullarının müştərilərə çatdırılmasının həm fasiləsizliyini təmin edək, həm sağlamlıq məsələləri ilə bağlı lazımi tədbirləri görək, həm də müştərilərimizə bir çox xidmətlərimizdən evdə qalaraq məsafədən onlayn qaydada istifadə imkanı yaradaq. Bu imkanı daha da genişləndirmək üçün fiziki şəxs müştərilərimiz üçün yaxın günlərdə yeni və daha təkmil Mobil Bank tətbiqimizi istifadəyə verəcəyik. Bundan başqa, sahibkar müştərilərimizə məsafədən hesab açmaq imkanı yaradacağıq, xidmətlərimizin rəqəmsallaşdırılması yönündə layihələrimizi bundan sonra daha sürətli şəkildə reallaşdıracağıq.
-Son durum bank sektoru üçün, ümumən nələri dəyişə bilər?
-Düşünürəm ki, son qlobal proseslərdən sonra nəinki bankların, ümumən əksər biznes subyektlərinin fəaliyyət modellərində müəyyən dəyişikliklər baş verəcək. Bütün sınaqlarına, çətinliklərinə rəğmən, yeni dövr biznes üçün həm də yeni fürsətlərlə dolu bir mərhələ olacaq. Sadəcə, prioritetlərə yenidən baxmaq lazım gəlir. Daha çox rəqəmsal yönümlü xidmətlərə fokuslanmaq indi bir zərurətdir. Bundan başqa, banklar nağdsız dövriyyənin dəstəklənməsindən ötrü, daha genişmiqyaslı tədbirlər görməli olacaqlar. Ümumilikdə, bankların öz strategiyalarına yenidən baxması vacibdir. Çünki trendlər dəyişir, gözlənilməz durumlar yaranır, risklərin özləri belə yenilənir, yeni risklər ortaya çıxır.
-Yaranmış vəziyyət Azərbaycan Beynəlxalq Bankının yeni inkişaf strategiyasının icrasına təsir edəcək?
-Bizim strategiyamızda sahibkarlığın dəstəklənməsi, rəqəmsallaşma, innovasiyaların tətbiqi onsuz da geniş yer alır. Bankın bütün fəaliyyət istiqamətləri üzrə müasirləşdirilməsinə doğru təşəbbüslər nəzərdə tutulur və bu istiqamətdə ardıcıl layihələr icra olunur. Azərbaycan Beynəlxalq Bankının həm maliyyə dayanıqlığı, həm hazırlıq səviyyəsi bu gün yaranmış vəziyyətdən minimal itkilərlə çıxmağa imkan yaradır. Bankın stabil mövqeyi, mümkün neqativ təsirlərə qarşı dayanıqlılığı ilə bağlı məqam Moody’s Beynəlxalq Reytinq Agentliyinin ölkəmizin bank sektoru ilə bağlı bu günlərdə yaydığı son təhlildə də öz əksini tapıb. Təbii ki, müəyyən layihələrimizə yenidən baxmalıyıq, xüsusilə bir çox innovativ təşəbbüsləri, rəqəmsal kanallara miqrasiya proseslərini daha tez bir zamanda reallaşdırmalıyıq. Bundan başqa, yeni bazar reallıqlarına uyğun yeni məhsullar düşünməliyik. Bütün bunlar baş verənlərə adekvat reaksiya üçün inkişaf strategiyasına yenidən baxılmasını tələb edir.
Ümumən, hazırlanmış dövlət proqramlarının məzmununa da diqqət yetirsək, görərik ki, nəzərdə tutulan tədbirlər, dəstək proqramları indiki mərhələdən sonrakı Azərbaycan iqtisadiyyatının ümumi mənzərəsini təsvir edir. Məqsəd təkcə yaranmış müvəqqəti problemin təsirlərini minimallaşdırmaq deyil. Hökumət dəstək proqramları ilə sağlam və dayanıqlı iqtisadiyyat formalaşdırır.
Bu proses ölkəmizdə ötən illərdən aparılan köklü islahatlarla başlanıb və indi daha da sürətlənib. Ölkəmizin sağlam və dayanıqlı maliyyə-bank sisteminə malik olması da bu prosesin əsas hədəflərindəndir. Sektorun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankı da bu sistemdə öz layiqli yerini tutmaq, inkişafın bir parçası olmaqdan ötrü üzərinə düşənləri yerinə yetirəcək.