“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, “Azersun Holdinq” MMC-yə yaxın olan kommersiya bankının səhmdarlarının qərarı ilə Ahmad Gozal (Əhməd Gözəl) Müşahidə Şurası sədri təyin edilib.
Ə.Gözəl Abdolbari Gozalın (Abdulbari Gözəl) oğludur. O bu vəzifədə A.Gozalın digər övladı Zeynab Konyarı əvəzləyəcək.
İndi bankın Müşahidə Şurasında Heydaranlou Firouzi, Alireza Ziyad oğlu və Hakan Şirin Ali üzvdürlər.
Hakan Şirin Ali 2022-ci ilin yanvarında bankın Müşahidə Şurasına üzv seçilmişdi. Bundan əvvəl A.Gozalın digər qızı Leyla Kurt bu vəzifədə idi.
Qeyd edək ki, bankın İdarə Heyətinin daimi sədri hələ ki, təyin edilməyib.
ASB Bank 1996-cı ildə yaradılıb və 60 mln. nizamnamə kapitalına sahibdir.
Kapitalında 98.43%-i “Anadolu Investment Company”ə, 1.00%-i A.Gozalın digər qızı Leyla Gozal Kurta və 0.57%-i isə “Azərbaycan Sənaye Lizinq” şirkətinə məxsusdur.
ABDULBARİ GÖZƏL KİMDİR?
Abdulbari Gözəl 23 avqust 1949-cu ildə İranın Maku şəhərində, Cəlali qəbiləsindən Rza ağanın ailəsində dünyaya gəlib. Daha sonradan isə buradan Türkiyənin Muş əyalətində yaşayan nənəsinin yanına köçmüşdür. O 1956–1961-ci illərdə ibtidai təhsilini Türkiyədə başa vurduqdan sonra, 1962–1965-ci illərdə orta təhsilini İranda tamamlamışdır.
Daha sonradan iş həyatına başlayan gənc Abdulbari Gözəl babasının yanında qida ticarəti ilə məşğul olur. 1968-ci ildə isə ticarət həcmini böyüdərək onu 50–60 milyon dollara qədər yüksəldir.
Fəal iş həyatı yaşayan bu şəxs 1981-ci ildə İran İslam İnqilabından sonra Türkiyənin paytaxtı Ankaraya gəlir və buradan İsveçrəyə getməyi planlaşdırır. Lakin bu zaman Turqut Özalın təkidi ilə Türkiyədə qalır və Ankarada “Etsun A.Ş.” adlı bir şirkət yaradır.
1992-ci ilə qədər BƏƏ, Türkiyə, İran, İraq, Suriya, İordaniya kimi ölkələrdə müxtəlif şirkətlər yaradaraq iş fəaliyyətini birləşdirməyi planlaşdırırdı. Bu şirkətləri birləşdirmək və onlar arasındakı əlaqəni təmin etmək üçün Abdulbari Gözəl 1994-cü ildə Dubayda “Intersun Holding” adlı şirkətlər qrupunu yaratmışdır.
Bundan başqa o, Azərbaycan və Gürcüstana da qida məhsullarının ixracı ilə məşğul olub. 1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda öz şirkətinin rəsmi şöbəsini yaradır.
Qida sahəsindən başqa Abdulbari Gözəl 1980-ci ildə İran və Türkiyədə neft ticarətinə başladı. 2002-ci ildən etibarən isə bu fəaliyyət Bakıda neft terminalı və Dübəndi neft terminalı vasitəsiylə Xəzər neftinin Gürcüstana daşınmasından ibarətdir. Hal-hazırda isə İsveçrə və Dubayda neft və neft məhsullarının ticarəti ilə məşğul olan şirkətlərə sahibdir.
Bununla əlaqədar olaraq, hazırda Dubay, İsveçrə, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İraq, Əfqanıstanda Intersun Holding-in himayəsi altında 14 ayrı-ayrı milliyyətə sahib insanlar bir ailə kimi işləməkdədir.
Azersun Holding-də onun Bakıda yaratdığı şirkətlərdən biridir. Şirkət 1997-ci ildə yaradılıb. Holdinq qida, idman və maliyyə sektorunda fəaliyyət göstərir.