ABŞ Əfqanıstana ölkənin Mərkəzi Bankının dondurulmuş vəsaitlərinin bir hissəsini istifadə etməyə icazə verə bilər.
Bu barədə “The Washington Post” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Baydenin köməkçiləri ABŞ institutlarında saxlanılan dondurulmuş vəsaitlərin Əfqanıstan hökumətinin qismən istifadəsini bərpa etmək üçün danışıqlara başlayıb.
“Taliban” rəsmiləri ilə danışıqlarda onlar vəsaitlərin hərəkat tərəfindən başqa məqsədlər üçün istifadə olunmamasını təmin etməklə yanaşı, peşəkar bankirlərin Əfqanıstan iqtisadiyyatını sabitləşdirmək üçün aktivləri idarə edə biləcəyi bir sistemin yaradılmasını müzakirə ediblər. Pulun üçüncü tərəfin etibar fondu tərəfindən idarə olunacağı da güman edilir.
Qeyd olunub ki, vəsait keçən həftə baş verən güclü zəlzələ nəticəsində yaranan ərzaq qıtlığının yaratdığı humanitar böhranı aradan qaldırmaq üçün istifadə ediləcək.