Ağ ev administrasiyası qlobal ərzaq böhranı ilə kompleks mübarizə barədə Rusiyanın təklifini rədd edib.
“Politico” nəşri bu barədə Ağ evdəki mənbəyə istinadla məlumat yayıb. Moskva Ukrayna limanlarından taxıl tədarükünə icazə verməsi üçün gübrələrə tətbiq olunan sanksiyaların ləğvin istəyib. Vaşinqton isə öz növbəsində danışıqları izlədiyini, lakin sanksiyaların ləğvi ilə bağlı tələbi qəbul etməyəcəyini bildirib.
Danışıqlarda Türkiyə, Rusiya və BMT nümayəndələrinin iştirak etdiyi bildirilir.
Dünya bazarında buğdanın təxminən 25 faizi, günəbaxan yağının 65 faizi, arpanın 20 faizi və qarğıdalının 18 faizi Ukrayna və Rusiyanın payına düşür. Həmçinin Rusiya və Belarus birlikdə dünya gübrə ehtiyatının təxminən yarısını təmin edir.
Bundan öncə Vladimir Putin İtaliyanın Baş naziri Mario Draqi ilə telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaların ləğv olunacağı təqdirdə Kremlin ərzaq böhranı ilə mübarizədə iştirak etməyə hazır olduğunu bildirib. O, həmçinin Ukrayna taxılını Belarus vasitəsilə ixrac etməyi də təklif edib.
Xatırladaq ki, hazırda Ukrayna anbarlarında 20 milyon tona yaxın taxıl qalıb.