ABŞ Prezidenti Donald Tramp memorandum imzalayıb. Sənədə əsasən, Birləşmiş Ştatlar 66 beynəlxalq təşkilatda maliyyələşdirməni və iştirakı dayandırır. Onların sırasında Birləşmiş Millətlər Təşkilatının (BMT) 31 qurumu var.
Ağ Evin saytında dərc olunan bəyanatda qeyd olunur ki, “bu təşkilatların bir çoxu ABŞ-nin suverenliyi və iqtisadi gücü ilə ziddiyyət təşkil edən radikal iqlim siyasətini, qlobal idarəetməni və ideoloji proqramları təşviq edir”. Mətndə konkret təşkilatların siyahısı göstərilmir.
Bildirilir ki, Amerika vergi ödəyiciləri beynəlxalq təşkilatların maliyyələşdirilməsinə “milyardlarla dollar” xərcləyiblər və bunun müqabilində “çox cüzi fayda” əldə ediblər.
Ağ Evin mətbuat xidməti xatırladıb ki, Donald Trampın ikinci prezidentlik müddətinin başlanmasından sonra ABŞ artıq Ümumdünya Səhiyyə Təşkilatından (ÜST), Paris İqlim Sazişindən, BMT-nin İnsan Hüquqları Şurasından və Fələstinli qaçqınlara yardım üzrə BMT-nin Yaxın Şərq Agentliyindən (UNRWA) çıxıb.






