Rəsmi Vaşinqton bir neçə ölkənin təhlükəsiz nüvə enerjisinə çıxışını genişləndirməyi nəzərdə tutan paketin reallaşdırılması üçün 25 milyon ABŞ dolları ayrılması barədə qərar verib.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, bu təşəbbüsü ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins təqdim edib.
Paket nüvə missiyalarını dəstəkləmək üçün ABŞ-ın Polşa, Keniya, Ukrayna, Braziliya, Rumıniya və İndoneziya ilə tərəfdaşlığını nəzərdə tutur.
Bəyanatda bildirilir ki, vəsaitlər təhlükəsiz yolla nüvə enerjisinin əldə edilməsi texnologiyalarının inkişafına, təmiz enerjiyə keçid istiqamətində termonüvə enerjisinin potensialını nümayiş etdirməyə və az gücə malik reaktorların inkişafına yönəldilib. Paketə ABŞ-ın bu sahədə digər ölkələrlə texniki əməkdaşlıq, elmi tədqiqatlar, ərazilərə səfərlər və mövcud texniki imkanların tədqiqi daxildir.
Sənəddə vurğulanır ki, sözügedən paket ABŞ-ın qlobal iqlim məqsədlərinə çatmaq üçün vacib komponent kimi enerji və nüvə texnologiyası innovasiyasına sadiqliyini vurğulayır.
Qeyd olunur ki, bu təşəbbüsdə ABŞ Dövlət Departamentindən əlavə, ABŞ Ticarət və İnkişaf Agentliyi, Energetika Nazirliyi də iştirak edir.