ABŞ Belarusun Ukraynadakı müharibədə Rusiyaya əlavə yardım göstərmək istəyib-istəməməsini izləməyi davam etdirəcək və bu baş verərsə, Minskə qarşı yeni sanksiyalar tətbiq oluna bilər.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib.
“Əgər biz bunu (əlavə dəstək vermək cəhdlərini – red.) görsək, bunun üçün potensialı görsək, o zaman əlavə tədbirlər tətbiq etməklə proporsional cavab verəcəyik”, – o bildirib.
N. Prays Rusiya Prezidenti Vladimir Putinin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında Rusiyanın heç bir dövləti, o cümlədən Belarusu “udmaq” fikrində olmadığı barədə bəyanatını da şərh edib. Dövlət Departamentinin nümayəndəsi bu ifadənin “hazırda digər sülhsevər qonşusunu zorla udmağa çalışan ölkə liderinin” ağzından çıxmasını “ironiyanın zirvəsi” adlandırıb.