ABŞ biznesi bu il Rusiya iqtisadiyyatına 1,8 mlrd. dollar sərmayə yatıracaq. Halbuki ötən il bu göstərici bir qədər yüksək olub – 1,9 mlrd. dollar.
Bu barədə Rusiyada Amerika Ticarət Palatası və “Ernst & Young” tərəfindən birgə aparılan və 75 şirkəti əhatə edən araşdırmada deyilir.
Qeyd olunub ki, ABŞ şirkətlərinin investisiyaları ən çox Rusiya bazarına yeni məhsul və ya xidmətlər təqdim etmək və ya mövcud istehsalın genişləndirilməsinə hədəflənib.
Bu il Rusiyada ən çox sərmayəni kimya sənayesi cəlb edəcəyi gözlənilir. Bu sahədə investisiya fəallığının artmasına təsir edən amillərdən biri istehsalda istifadə olunan mineralların qiymətinin aşağı düşməsi olub.
Xarici investisiyaların cəlb edilməsi üzrə liderlər isə istehlak sənaye məhsullarını istehsal edən şirkətlər olacaq. Energetika sahəsində ucuz xammal səbəbindən sərmayənin azalması gözlənilir.
Sorğu iştirakçılarının 66%-i məhsullarını Rusiyaya idxal etdiklərini bildirib.