ABŞ Çin şirkəti Alibaba, internet axtarış sistemi Baidu və avtomobil istehsalçısı BYD-ni Pekinin silahlı qüvvələrinə dəstək göstərən şirkətlər siyahısına əlavə edib. Bu barədə Pentaqonun yenilənmiş siyahısında məlumat verilib.
Reuters-in bildirdiyinə görə, Pentaqon sənədin bu versiyasını artıq fevral ayında dərc etmiş, lakin daha sonra heç bir izahat vermədən geri götürmüşdü. Yeni redaksiya fevral variantını demək olar ki, tam təkrarlayır. Yeganə fərq odur ki, siyahıya Çin yaddaş çipi istehsalçıları olan CXMT və YMTC yenidən daxil edilib.
Siyahıya həmçinin biotexnologiya şirkəti WuXi AppTec, robototexnika şirkəti RoboSense Technology, telekommunikasiya avadanlıqları istehsalçısı Baicells, eləcə də ABŞ-nin Nvidia şirkətinin əməkdaşlığa başlamağı planlaşdırdığı humanoid və dördayaqlı robotların istehsalçısı Unitree daxil edilib.
Bu siyahıya salınmaq birbaşa sanksiyaların tətbiqi demək deyil, lakin müəyyən məhdudiyyətlər yaradır. ABŞ Müdafiə Nazirliyinə siyahıda yer alan şirkətlərlə birbaşa müqavilələr bağlamaq qadağan ediləcək. Bundan əlavə, 2027-ci ildən etibarən nazirlik üçüncü tərəflər vasitəsilə də həmin şirkətlərin məhsul və xidmətlərini satın ala bilməyəcək.







