ABŞ Çinin Honkonqdakı maraqlarına görə ciddi sanksiyalara hazırlaşır

Honkonq

Dövlət katibi Pompeo bu gün Konqresə rəsmi şəkildə məlumat verib ki, Honkonqun artıq muxtariyyəti yoxdur və 1997-ci ildə bu ərazinin Britaniya tərəfindən Çinə təhvil verilməsi barədə razılaşmaya zidd olaraq müstəqil idarəçiliyini itirib. “Əgər Birləşmiş Ştatlar əvvəllər azad Honkonqun avtoritar Çin üçün nümunə olacağına ümid edirdisə, indi aydındlır ki, Çin Honkonqda öz modelini tətbiq edir”, – deyə Pompeo söyləyib. ABŞ hesab edir ki, Çin artıq “Bir dövlət – iki sistem” prinsipinə əməl etmir.

Bu qərarın nə mənaya gəlir?

1997-ci ilə qədər Honkonq Britaniya koloniyası olub. Britaniya ilə Çin arasındakı razılaşmaya görə, müdafiə və xarici işlər istisna olmaqla, bu əraziyə yüksək muxtariyyət verilib və bu status 2047-ci ilə qədər saxlanılmalıdır. Honkonqda Çinin materik hissəsi əhalisinin yuxusunda belə görə bilməyəcəyi azadlıqlar var: məhkəmə müstəqilliyi, söz və mətbuat azadlığı, yerli qanunverici orqana demokratik seçkilər və s…

Pandemiya hələ tam aradan qalxmadan Honkonqda etiraz aksiyaları yenidən başlayıb. Səbəb budur ki, Çin Xalq Nümayəndələri Yığıncağının (parlament) Pekində başlayan sessiyasının gündəliyinə “Honkonqun milli təhlükəsizliyi haqqında” qanun layihəsi təqdim olunub. Çin bu addımın yerli hökumətin devrilməsinə, terrorizmə, kənardan müdaxiləyə şərait yaradan separatçı-təxribatçı fəaliyyətlərin qarşısının alınması məqsədi güddüyünü bildirir. Lakin Honkonq əhalisi əmindir ki, məqsəd onların hüquq və azadlıqlarını aradan qaldırmaqdır. Ötən il Honkonqda cinayət törədənlərin Çinin digər yerlərinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsi bu inzibati rayonda böyük etirazla qarşılanmış, nəticədə yerli hökumət layihəni geri çəkməyə məcbur olmuşdu.

Pompeonun rəyi göstərir ki, ABŞ Pekinin Honkonqdakı maraqlarına qarşı ciddi sanksiyalar tətbiq etməyə hazırlaşır.

Honkonq Nyu-York və Londonla yanaşı, dünyanın önəmli maliyyə mərkəzlərindən, yerli birja isə dünyada 5 böyük birjadan biridir. Bura Qərb və Çin arasında maliyyə körpüsüdür: Çinə gələn və Çindən gedən investisiyaların böyük hissəsi Honkonq vasitəsilə gerçəkləşir. ABŞ ticarət və investisiyalar sahəsində bu əraziyə özəl hüquqlar tanıyıb. İndi Vaşinqton hesab edir ki, Pekin Honkonqu öz içində əritməyə qərar verib, bu səbəblə Honkonqla iqtisadi əlaqələrdə fərqli rejim tətbiq etməyin mənası qalmayıb.

Gözlənilən ABŞ sanksiyaları Honkonqun maliyyə mərkəzi kimi mövcudluğuna son qoya və Qərb maliyyə qurumlarını oranı tərk etməyə sövq edə bilər. Trampın milli təhlükəsizlik üzrə müşaviri O’Brayan deyib ki, Qərb maliyyə institutları və şirkətləri qanunun aliliyi, azad sahibkarlıq, kapitalist sistem, demokratiya və seçki institutunun mövcudluğu səbəbi ilə Honkonqda fəaliyyət göstərirdilər. Bunlar aradan qalxdıqdan sonra orada qalmağın mənası yoxdur.

Çin hökuməti isə ABŞ-ı ölkənin daxili işlərinə qarışmaqda ittiham edir və cavab tədbirləri ilə hədələyir. Honkonqda Tyanyanmen olayının təkrarlanması ehtimalı heç də az deyil. Çin ordusunun yerli qarnizon komandanı mərkəzi hökumətin istənilən göstərişini yerinə yetirməyə hazır olduqlarını açıqlayıb.

ABŞ-Çin gərginliyinin artması Azərbaycanı da “vurur.” Belə şəraitdə xammalın, o cümlədən neftin qiymətinin ciddi yüksəlişini gözləməyə dəyməz.

Bir sözlə, qlobal sistem radikal, tektonik dəyişikliklər mərhələsinə daxil olub.

Müəllif: Şahin Cəfərli


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları