Amerikalı işəgötürənlər ilin əvvəlindən noyabr ayına qədər ümumilikdə 1,17 milyon işçini ixtisar ediblər. Bu barədə konsaltinq şirkəti “Challenger, Gray & Christmas” məlumat yayıb.
Bu göstərici pandemiya dövrü olan 2020-ci ildən bəri rekorddur — həmin il ilk 11 ayda 2,2 milyon nəfər işdən çıxarılıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu il ixtisarların sayı 54% artıb. Eyni zamanda qəbul edilən işçilərin sayı 35% azalaraq 762 min nəfər olub.
Bununla belə, ilin sonuna doğru ixtisarların artım tempi zəifləyib. Noyabr ayında ABŞ-də 71,3 min işçi ixtisar edilib — bu, ötən ilin noyabrı ilə müqayisədə 24% çoxdur.
“Challenger, Gray & Christmas” 2025-ci ildə ixtisarların artmasını bir neçə amillə izah edir: əmək bazarına süni intellektin təsiri, bir çox korporasiyalarda restrukturizasiya, Donald Tramp administrasiyasının idxal rüsumlarını artırmasının şirkətlərə mənfi təsiri və digərləri.







