ABŞ-də benzinin orta pərakəndə qiyməti İranda hərbi münaqişə fonunda bir qallon (3,8 litr) üçün 4 dollara yüksəlib. Bu barədə “GasBuddy” xidmətinin məlumatında bildirilir.
“GasBuddy”də neft sənayesinin təhlili üzrə rəhbər Patrik De Haanın sözlərinə görə, bu göstərici 8 avqust 2022-ci ildən bəri ən yüksək səviyyədir. O, “X” sosial şəbəkəsində yazıb: “Bu, GasBuddy tərəfindən indiyədək qeydə alınmış ən böyük aylıq artımdır: benzin üçün hər qallon üzrə 1,059 dollar, dizel yanacağı üçün isə 1,701 dollar”.
“Bloomberg” daha əvvəl yazmışdı ki, benzin qiymətlərinin kəskin artımı 3 noyabr 2026-cı ildə keçiriləcək aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyası üçün siyasi risklər yaradır. Həmin seçkilərdə Konqresin Nümayəndələr Palatasının bütün 435 üzvü və 33 senator yenidən seçiləcək.
CNN isə qeyd edib ki, Yaxın Şərqdən enerji resurslarının tədarükündə yaranan fasilələr fonunda neft qiymətlərinin sıçrayışı ABŞ prezidenti Donald Tramp administrasiyasında panikaya səbəb olub. Amerika rəsmiləri maliyyə bazarlarını sabitləşdirmək və benzin qiymətlərinin artımını cilovlamaq üçün təcili şəkildə geniş tədbirlər paketi üzərində işləməyə başlayıblar.
Telekanalın məlumatına görə, rəsmilər əvvəlcə benzinin ucuzlaşmasının noyabr aralıq seçkilərində hər iki palatada çoxluğu qorumaq üçün respublikaçıların əsas üstünlüyü olacağını hesab edirdilər.







