ABŞ-nin Nyu-York ştatının Cənub Dairə Məhkəməsi “Terraform Labs” kriptovalyuta startapının həmtəsisçisi Do Kvonu fırıldaqçılıq ittihamları ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Bu barədə “Associated Press” (AP) nəşri məlumat verib.
“TerraUSD” və “Luna” tokenlərini hazırlayan “Terraform Labs” şirkəti 2018-ci ildə təsis edilib. 2022-ci ilin yazında bu kriptovalyutaların çökməsi investorlar üçün 40 milyard dollardan çox itkilərə səbəb olub. ABŞ-də sahibkara qarşı doqquz maddə üzrə ittiham irəli sürülüb, o cümlədən çirkli pulların yuyulması məqsədilə gizli planlar qurmaqda da təqsirləndiriliblər. 2025-ci ilin avqust ayında Do Kvon iki maddə üzrə günahını etiraf edib – fırıldaqçılıq edilməsi ilə bağlı gizli planlar qurmaq və elektron vasitələrdən istifadə etməklə fırıldaqçılıq.
İrəli sürülən ittihamlara görə maksimal cəza 25 illik həbsdir.
Prokurorluq iş adamı üçün minimum 12 il həbs cəzası istəyirdi, təqsirləndirilən şəxsin vəkilləri isə müvəkkillərinin tamahkarlıqla deyil, “TerraUSD” tokenlərini təşviq etmək istəyi ilə hərəkət etdiyini iddia edərək onun üçün maksimum 5 il həbs cəzası verilməsində israr edirdilər. Hakim müdafiə tərəfinin mövqeyini “tamamilə əsassız” hesab edib və Do Kvonun “epik miqyasda fırıldaqçılıqda” əli olduğunu bildirib.
Do Kvon 2023-cü ilin mart ayında Monteneqroda həbs edilib, ABŞ və Cənubi Koreya eyni zamanda onun ekstradisiyasını tələb edib. O, 2024-cü ilin sonunda ABŞ-yə ekstradisiya edilib.








