ABŞ-da ən aktiv ticarət olunan “West Texas Intermediate” (WTI) markalı neft fyuçerslərinin qiyməti 16 oktyabrda ticarətin bağlanması zamanı bir barel üçün $56,99-a qədər enib. Neftin dəyəri gün ərzində 2,2%, il ərzində isə 19% azalıb, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat verib. Qəzetin yazdığına görə, bu göstərici ABŞ prezidenti Donald Trampın gömrük rüsumlarının artırılması ilə bağlı açıqlamalarından sonra baş verən yaz satışlarından da aşağıdır və 2021-ci ilin fevralından bəri ən aşağı qiymətdir.
WSJ yazır ki, neft bolluğu və qlobal iqtisadi artım tempinin zəifləməsi ilə bağlı narahatlıqlar ABŞ-də qiymətlərin COVID-19 pandemiyasından sonrakı bərpa dövründən bəri ən aşağı səviyyəyə düşməsinə səbəb olub. Qiymətlərin enməsi ABŞ istehlakçıları üçün müsbət xəbərdir, çünki ucuz neft benzin, dizel, aviasiya kerosini və mazutun qiymətlərinin azalması deməkdir. Lakin bu, ABŞ neft sənayesi üçün narahatedici haldır, çünki şirkətlər mənfəət itkisi və kütləvi ixtisarlarla üzləşirlər.
Artıq amerikalı sürücülər də benzin bolluğu səbəbindən qiymətlərin enməsini müşahidə edirlər. Miçiqan, Ohayo, Texas və Kolorado kimi bir çox ştatda orta qiymət bir qallon üçün $3-dən aşağı düşüb. ABŞ Enerji İnformasiya İdarəsi (EIA) isə oktyabr ayında 2026-cı ildə ölkə üzrə orta qiymətin $2,9 olacağını proqnozlaşdırıb.
Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, sentyabrda dənizdə saxlanılan neftin həcmi gündəlik 3,4 milyon barel artıb — bu, COVID-19 pandemiyasından bəri ən böyük artımdır. BEA yaxın aylarda təklifin artacağını gözləyir, çünki Yaxın Şərqdən Texasadək istehsalçılar, qiymətlər çoxillik minimuma düşməsinə baxmayaraq, elə davranırlar ki, guya qiymətlər yüksəlir.
EIA-nın son məlumatına əsasən, ABŞ neft istehsalçıları iyul ayında 13,6 milyon barel/gün göstəricisinə çataraq yeni rekord müəyyənləşdiriblər və hazırda təxminən eyni səviyyədə istehsal davam edir.
“East Daley Analytics” analitika şirkəti hesab edir ki, 2025-ci ildə ABŞ-də neft hasilatı 13,6 milyon barel/gün səviyyəsinə çatacaq. Şirkət ABŞ-də hasilatın azalacağını gözləmir, çünki istehsalçılar çox vaxt eyni quyulardan çıxarılan təbii qaz və propan kimi yanacaq növlərinin tədarük öhdəliklərinə malikdirlər.
“Bir yerdəki şok digər yerdə şok demək deyil”, – şirkətin baş analitiki Kris Nunan deyib.
Onun sözlərinə görə, istehsalçılar artıq milyonlarla dollar sərmayə qoyduqları quyu qazma proqramlarından imtina etməyəcəklər. Əgər istehsal dayandırılarsa, şirkətlər bazar payını itirə və qiymətlər artdığı anda fürsəti qaçıra bilərlər. Analitiklərin fikrincə, Çin xam neft ehtiyatlarının artması bu ilki təklif artığını qismən kompensasiya edib. “Commerzbank” Çin gömrük məlumatlarına istinadən bildirib ki, Çinin sentyabr ayında neft idxalı ötən illə müqayisədə 3,9% artıb.