ABŞ prezidenti Donald Tramp tərəfindən tətbiq edilən idxal rüsumları ölkədə qəhvənin pərakəndə qiymətlərinin illik ifadədə təxminən 21% artmasına səbəb olub. Bu barədə CNN telekanalı məlumat verib.
Qiymətlərin kəskin artmasının əsas səbəbi Braziliyadan idxal olunan məhsullara qoyulan 50%-lik rüsumlar, eləcə də Vyetnama qarşı 20%, Kolumbiyaya qarşı isə 10%-lik tariflər olub.
CNN-in məlumatına görə, Milli Qəhvə Assosiasiyasının göstəriciləri əsasında ABŞ istehlak etdiyi qəhvənin 99%-dən çoxunu idxal edir. Əsas tədarükçülər Braziliya (30%-dən çox), Kolumbiya (18,3%) və Vyetnamdır (6,6%).
Mövcud vəziyyət fonunda respublikaçı və demokrat partiyalardan olan iki konqresmen sentyabr ayında “Qəhvə vergisinin ləğvi haqqında” qanun layihəsini təqdim ediblər. Bu sənəd ABŞ-yə idxal olunan qəhvə məhsullarını rüsumlardan azad etməyi nəzərdə tutur.
29 avqustda Kolumbiya federal dairə apellyasiya məhkəməsi qərar çıxarıb ki, Tramp hazırda qüvvədə olan bir çox rüsumları tətbiq etmək üçün zəruri səlahiyyətlərə malik deyil. Məhkəmənin qərarına əsasən, rüsumlar ən azı 14 oktyabra qədər qüvvədə qalacaq. Bu möhlət Vaşinqton administrasiyasına ABŞ Ali Məhkəməsinə müraciət hazırlamaq üçün verilib.