Donald Trampın siyasətinə qarşı təşkil olunan “No Kings” (“Krallara yox”) aksiyasının təşkilatçıları bəyan ediblər ki, 18 oktyabrda bütün ABŞ ərazisində nümayişlər keçiriləcək. Onlar etirazlarda ölkə üzrə 5–6 milyon insanın iştirak edəcəyini gözləyirlər.
Aksiyanın saytında qeyd olunur ki, “milyonlarla insan yenidən küçələrə çıxacaq və bütün dünyaya göstərəcək: Amerikada kral yoxdur, hakimiyyət xalqa məxsusdur”.
Təşkilatçılar vurğulayırlar ki, Donald Tramp səlahiyyətlərindən sui-istifadə istiqamətində “səylərini ikiqat artırır” və buna hərbçilərin göndərilməsi, seçicilərin səsvermə hüququndan məhrum edilməsi, eləcə də milyarderlərə hədiyyələr verilməsi kimi addımları misal gətirirlər.
“No Kings” hərəkatının ilk kütləvi etiraz aksiyaları 14 iyunda, Donald Trampın doğum günündə və Vaşinqtonda keçirilən hərbi parad günü baş tutmuşdu.