Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri təşkil olunub.
Bu barədə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətinin tərkibi azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul şəxslərindən ibarətdir.
2022-ci il 12-16 sentyabr tarixlərində baş tutacaq səfər çərçivəsində Azərbaycanda mövcud mina probleminin gündəmə gətirilməsi, azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılmasının əsas strateji hədəf olaraq önə çəkilməsi, bu sahədə mümkün dəstəyin göstərilməsi məqsədilə bir sıra önəmli qurumlarla mərhələli şəkildə görüşlər və dəyirmi masalar keçiriləcək.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları müvafiq beynəlxalq qurumlar vasitəsilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyəti dövründə müxtəlif layihələrin gerçəkləşməsində və müharibədən sonrakı dövr ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində bir sıra əhəmiyyətli layihələrə dəstək göstərib.
Amerika Birləşmiş Ştatlarında dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə keçiriləcək görüşlər mina probleminin həllinə dair beynəlxalq səviyyədə səylərin birləşdirilməsi, regionda sabitlik, eləcə də davamlı sülhün təmini istiqamətində öz töhfəsini verəcəkdir.