ABŞ-ın “Space X” şirkəti bu ilin sonunadək Yer kürəsi yaxınlığındakı orbitə ilk dəfə bütövlükdə ödənişli heyətlə fəza gəmisi çıxarmaq niyyətindədir.
“İnspiration 4” adlı missiya çərçivəsində həyata keçiriləcək bu uçuşun dörd iştirakçısından biri tədbirin bütün məsrəflərini ödəmiş “Shift 4” şirkətinin təsisçisi, 37 yaşlı həvəskar pilot Cared Ayzekmandır (Jared İsaacman).
O bildirib ki, bu uçuş Memfis şəhərindəki “St. Jude Children’s Research Hospital” uşaq xəstəxanası üçün 200 milyon dollar məbləğində ianə toplamağı hədəfləyir. Qalan üç nəfər həmin məqsəd üçün daha çox ianə verənlər ola biləcək. İş adamının fikrincə, toplanacaq ianələr uçuşun məsrəflərindən xeyli çox olacaq.
Uçuşun 2-4 gün davam edəcəyini bildirən “Space X” şirkətinin təsisçisi İlon Mask bunu fəzanın qapılarını hər kəsin üzünə açmaq yolunda mühüm mərhələ olduğunu qeyd edib.
“Crew Dragon” adlı fəza cihazı Floridadakı Kanaveral burnunda yerləşən fəza mərkəzindən “Falcon 9” daşıyıcı raket vasitəsilə orbitə çıxarılacaq, geri qayıdarkən də eynilə Florida sahiləri yaxınlığında dənizə enəcək.