ABŞ-da elektrikli nəqliyyat vasitələri bazarında hər beş alıcıdan biri sonra yenidən daxili yanma mühərrikli avtomobildən istifadə etməyə başlayır.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Nature Energy” jurnalında dərc olunmuş tədqiqatda deyilir.
Kaliforniya Universitetinin nümayəndələri olan Scott Hardman və Gil Tal elektrikli avtomobil sahiblərinin bu nəqliyyat növündən imtina etməsinin səbəblərini araşdırıblar. Bu məqsədlə onlar 2012-2018-ci illər arasında elektrikli avtomobil almış Kaliforniya sakinləri arasında sorğu aparıblar.
Tədqiqatçılar hibrid avtomobil alıcılarının 20%-nin, elektrikli avtomobil alıcılarını isə 18%-nin sonradan yanma mühərrikli nəqliyyat vasitələrinə qayıtdığını təsbit ediblər. Sorğunun nəticələrinə görə, bunun ən geniş yayılmış səbəbi şarj stansiyalarının az olmasıdır. Elektrikli avtomobildən imtina edənlərin təxminən 70%-i avtomobillərini 120 V-lıq şəbəkədən şarj etməli olurlar ki, bu da çox vaxt tələb edir.
“Buna görə də, elektrikli avtomobil aldıqdan sonra sürücülərin onu tərk etməyəcəyini düşünmək olmaz. Bu, elektrikli avtomobil bazarının inkişafını ləngidə bilər”, – deyə tədqiqatçılar əlavə ediblər.