Birləşmiş Ştatların Ümumi Xidmətlər İdarəsi GSA (The General Services Administration) yeni prezident seçilmiş Co Baydenin noyabrın 3-də keçirilmiş seçkilərin “açıq qalibi” olduğunu müəyyən edib. Seçkilərdə məğlub olduğunu qəbul etməkdən imtina edən prezident Donald Tramp bazar ertəsi günü öz komandasına keçid dövründə əməkdaşlıq etməyi tapşırdığını bildirib, lakin mübarizəni davam etdirəcəyinə söz verib.
Bu addım Tramp administrasiyasının keçidi üçün zəmin hazırlayır və Baydenin yanvarın 20-də hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq planları federal qurumlarla koordinasiya etməsinə imkan yaradır.
GSA administratoru Emili Mörfi bu qərarı Trampın mühüm ştatlarda səsvermənin nəticələrini ləğv etmək cəhdlərinin uğursuzluqla nəticələnməsindən sonra verib.
“Mən qərarımı qanunlara və mövcud faktlara əsaslanaraq müstəqil şəkildə vermişəm. Mənə Ağ Evdə və ya GSA-da işləyənlər də daxil olmaqla icraedici orqanların heç bir rəsmisi tərəfindən qərarımın mahiyyəti və ya vaxtı baxımından birbaşa və ya dolayısı ilə təzyiq göstərilməyib” – deyə, Emili Mörfi Baydenə yazdığı məktubda bildirib.
Tramp məktubun ictimaiyyətə açıqlanmasından bir qədər sonra Twitter sosial şəbəkəsində yazıb: “İşimiz israrla davam edir, biz yaxşı mübarizəni davam etdirəcəyik və inanıram ki, qalib gələcəyik! Buna baxmayaraq, ölkəmizin mənafeyi naminə Emili və onun komandasının ilkin protokollarla əlaqədar lazım olanları işləri görməsini və komandama da eyni şeyi etməyi tövsiyə edirəm.”
Təqaüdə çıxmağa hazırlaşan və dəfələrlə keçidin başlanmasına çağıran Tennessi senatoru Lamar Aleksander bazar ertəsi yeni açıqlama verərək, Trampın “ölkəni birinci yerə qoymalı” və Bayden administrasiyasının müvəffəq olmasına kömək etməli olduğunu bildirib.
Bundan əlavə, keçmiş Daxili Təhlükəsizlik naziri Tom Ridc, Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş direktoru Maykl Hayden və keçmiş Milli Kəşfiyyat direktoru Con Neqroponte daxil olmaqla Respublikaçıların 100-dən çox keçmiş milli təhlükəsizlik nümayəndəsi açıqladıqları bəyanatda Trampın məğlub olduğunu qəbul etməkdən imtina etməsi və nizamlı keçid prosesinə imkan verməməsinin Amerikada demokratik prosesi üçün “ciddi təhlükə yaratdığını” bildirib. Məktubu imzalayan rəsmilər Tramp da daxil olmaqla dörd Respublikaçı prezidentin hakimiyyəti dövründə çalışıb.
Bu arada, ABŞ-da yeni seçilmiş prezidenti Co Baydenin çərşənbə axşamı Dövlət Departamentinə rəhbərlik etmək üçün keçmiş dövlət katibinin müavini Antoni Blinken də daxil olmaqla, Nazirlər Kabinetinin ilk üzvlərinin adlarını açıqlayacağı gözlənilir.