Banker.az xəbər verir ki, ABŞ Konqresinin üç üzvü rəqəmsal valyutaları dövlət tərəfindən edilən təsirlərdən qorumağa imkan verəcək qanun layihəsi üzərində işləyir. Sözügedən bu qanun layihəsi artıq sentyabr ayında konqresmenlər tərəfindən təqdim ediləcək.
Daily Caller nəşri öz mənbələrinə istinadən bildirib ki, konqresmenlər Bitcoin-i fiat valyutalar ilə bərabərləşdirmək və onu gündəmin əsas valyutasına çevirmək niyyətindədirlər.
Bitcoin öz populyarlığına və ona olan tələbata baxmayaraq kifayət qədər ziddiyyətli valyuta olaraq qalır. Çünki onun məxfiliyi fırıldaqçılara ondan öz məqsədləri üçün istifadə etmək imkanı verir.
Yeni qanun layihəsinə əsasən, rəqəmsal valyutalar qiymətli kağızlar ilə bərabərləşdirilməyəcək, lakin kriptovalyuta tranzaksiyaları vergiyə cəlb olunmaqdan qorunmuş olacaq. Qanun layihəsi kriptovalyutaların təhlükəsizliyinə minimum tələb nəzərdə tutur.
Layihənin artıq gələn ay ərzində tamamlanması və təqdim edilməsi bildirilsə də, məhz olaraq hansı kriptovalyutaların dollarla bərabərləşdiriləcəyi dəqiq olaraq qeyd edilmir. Verilən məlumatda qeyd edilir ki, məmurlar fırıldaqçılıq məqsədi ilə istifadəyə yararsız olan xüsusi Bitcoin növünün yaradılması təşəbbüsü üzərində çalışır.







