8 C
Baku
Thursday, December 12, 2024

ABŞ-da maliyyə böhranının səbəbləri və nəticələri – Hüquqi aspekt

Müəllif:Dr. Fariz Hüseynov , Şimali Dakota Dövlət Universitenin maliyyə müəllimi

ABŞ-da başlayan və dünyaya yayılan maliyyə böhranı müxtəlif analitiklərə görə 1930-cu illər durğunluğundan sonra dünyanın keçirdiyi ən şiddətli böhrandır.

Bu böhran, hətta, ən kapitalist dövlətə qarşı sosializm iddiaları irəli sürülməsinə səbəb oldu. Böhran hardan başladı və niyə böyüdü? Böhrandan nələr öyrənməliyik? Böhranın Azərbaycana təsiri nədir? Bütün səbəb və nəticələri sadə dildə müzakirə etmək üçün vaxt və yer azlığı olduğuna görə bu suallara silsilə yazılarda cavab axtaraq. Əvəlcə hüquqi aspektdən, daha sonra maliyyə bazarları və praktikadakı problemlər baxımından analiz etməyə çalışacağıq.

Qanunlar çərçivəsində baxsaq maliyyə böhranında “günahkar” iki əsas qanun layihəsidir. Bunlar 1995-ci ilin yanvar ayında Prezident Bill Klintonun imzaladığı İctimai Yenidən İnvestisiya Aktına dəyişikliklər (Community Reinvestment Act, CRA) və eyni prezident tərəfindən 1999-cu ildə imzalanan Maliyyə Xidmətləri Modernizasiyası Aktıdır (Gramm-Leach-Bliley, GLB). CRA orta və aşağı gəlirli əhalinin (subprime) ev və digər istehlak kreditləri almasına, kiçik və orta bizneslərin güzəştli kredit almasına imkan verdi. Nəticədə kredit verən qurumlar öz tələblərini yumşaltdılar. Artıq banklar öz müştərilərini sadəcə yüksək gəlirlilər arasından seçməyəcəkdi. Eyni zamanda aktda edilən digər dəyişikliklərlə dövlət tərəfindən öhdəliklərinə zəmanət verilən və dövlətdən limitsiz kredit ala bilən Fannie Mae (FNM) və Freddie Mac (FRE) açıq səhmdar cəmiyyətlərinin həmin aşağı və orta gəlirlilər qrupuna verilen ipoteka kreditlerinə investisiya etməyə məcbur edildi. Bu sanki dövlət qarantisi ilə kredibl olmayan qrupa kredit verilməsi prosesinin başlanması idi. Hətta bu iki şirkət nizamnamə kapitalını artırmadan fəaliyyətlərini genişləndirə bildilər. Banklar əgər investisiya həcminin ən az 10%-i qədər sərmayə təmin etməli idilərsə, bu rəqəm həmin iki şirkət üçün 2.5% idi.

GLB isə banklara həm investisiya, həm kommersiya bankçılığı fəaliyyəti göstərilməsinə icazə verirdi. 1933-cü il Steagall Aktından sonra banklar bu fəaliyyətlərinə görə ikiyə ayrılmışdı. Qanun dəyişikliyinin səbəbləri, əsasən, bankların güclənməsi, daha yaxşı, geniş xidmət göstərməsi və səmərəliliyin artması idi. Kommersiya, investisiya bankları və sığorta şirkətləri birləşərək fəaliyyətlərini yeni maliyyə korporasiyalarında birləşdirəcəklərdi. Ancaq dövlətin kommersiya banklarının topladığı depozitlərə verdiyi zəmanət, eyni zamanda, həmin bankların investisiya fəaliyyətlərindən yaranan zərərlərini də örtəcəkdi. İnvestisiya bankları isə əvvəllər depozit yığa bilmirdilərsə aktdakı dəyişiklikdən sonra depozit yığan kommersiya bankı ilə birləşmə haqqı qazandılar. Nəticədə yığılan depozitlərin risqli maliyyə alətləri vasitəsilə itirilmə təhlükəsini yaradırdı.

Qanun dəyişiklikləri hansı problemlər yaratdı? Orta və aşağı gəlirli əhalinin gəlirləri onların ev sahibi olmasına kifayət etməsə də onlara güzəştli kreditlər verildi. Müxtəlif bölgələrdə dəfələrlə iflas edən, ilk aylıq ödənişə gücü çatmayan şəxslərə belə ipotek krediti verildi. Maaş bəyənnamələri bəzən yoxlanılmırdı. Bir nəfər illik maaşının 200 min dollar göstərməklə 800 min-1 milyon dollarlıq ev ala bilərdi. Səbəb isə ipoteki verən şirkətlərin pul qazanma istəyi idi. Amerikalılar televiziya ekranlarında “Kredit keçmişiniz pisdir? Müflisləşmisiniz? Problem deyil!!! Biz sizə ipoteka krediti veririk!!! Dərhal müraciət edin!!!” kimi reklamlara dəfələrlə şahid olmuşdur. Təbii ki, artıq bir ildir ki, həmin reklamlar yoxdur. Həmin krediti verən şirkətlər komissiya gəlirləri əldə etmək üçün az gəlirli və kredit keçmişi olmayan kütləni hədəf alaraq onlara ipoteka krediti satmışdır.

Eyni zamanda onlar bu kreditləri daha böyük maliyyə qurumlarına satmış, həmin qurumlar da müxtəlif tipli ipotek kreditlərini birləşdirərək ipotekli qiymətli kağızlar (İQK) ixrac etmişdir. İQK-nın dəyəri evlərin ilkin alqı-satqı qiymətinə bağlıdır və əsas gəliri evi alanın etdiyi ödənişlərdir. Nəticədə gəliri risqli olan əhaliyə verilən ipoteklərin girov göstərildiyi İQK üçün maliyyə bazarları yaranır və müxtəlif maliyyə şirkətləri İQK-a yatırım edir. İlk dəfə Bear Stearns şirkəti həmin aşağı gəlirlilərə verilən ipoteka kreditindən istifadə edərək İQK satmağa başladı. Təsadüfi deyil ki, 2008-ci ilin mart ayında dövlət eyniadlı şirkəti xilas etməyə qərar verdi və J.P. Morgan şirkəti dövlətdən aldığı borc ilə Bear Stearns şirkətini satın almağa razı oldu. Bu barədə sonrakı yazılarda bəhs edəcəyik. FNM və FRE şirkətləri İQK bazarının likvidliyini artırmaq məqsədilə dövlət tərəfindən İQK-a investisiya etməyə məcbur edildi. Artıq 2007-ci ildə bu iki şirkət 12 trilyon dollarlıq ipoteka bazarının yarısına sahib idi. Qeyd edək ki, İQK-lərin iki əsas risqi olur ki, bu faiz risqi və kredit riskidir.

Əgər 80-ci illərdə çıxan maliyyə böhranında problem faiz risqi idisə, cari böhranın əsas səbəbi kredit riskidir. Bildiyiniz kimi, kredit risqi alınan borcun geri ödənilməməsi və öhdəliklərin yerinə yetirilməməsidir. Faiz risqi isə  faizdəki dəyişmələrdən yaranan risqdir. Əgər ev sahibi ödənişi yerinə yetirmirsə ev satılır və satış dəyəri İQK sahibinə gedir. Evlərin ilkin satışında onların qiymətləndirilməsi düzgün aparılmazsa və dəyərindən daha yüksək qiymətə satılarsa daha geniş həcmdə İQK ixrac edilər. Ödəmələr yerinə yetirilməmə təhlükəsi yarananda İQK-nin risqi artır və qiyməti düşür. Onlara investisiya edənlər isə zərər edir. Evlərin qiyməti düşür və ipoteka krediti verildiyi zamankı qiymətinə yenidən satılması qeyri-mümkün olur. Məhz bu səbəbdəndir ki, hal-hazırda müxtəlif banklar girov olaraq götürdükləri və dəyəri dəfələrlə azalmış evləri satmağa çalışırlar. Belə evlər isə ümumi ipoteka bazarının 25%-nə çatmışdır. Eyni zamanda, banklar və maliyyə qurumları həmin götürdükləri öhdəlikləri, zəmanətləri balansdan kənar vəsaitlər olaraq göstərməklə investorları yanıltmışdır.

Qanun dəyisiklikləri orta və az gəlirli əhaliyə ev alma imkanı versə də, bu insanların gəlirlərinin risqli olması, həmin ipotekaların dəyərinə təsir etmişdir. Son illərdə qloballaşma və istehsal vasitələrinin yer dəyişməsi nəticəsində ABŞ-ın az gəlirli əhalisinin gəlirləri azalmış, çoxları işini itirmiş və müflisləşmişdir. Gəlir uçurumunun artması birbaşa az gəlirlilərə verilən ipoteka kreditlərinin ödənilməməsinə və dolaylı olaraq, İQK-ın daha risqli olmasına gətirib çıxardı. Ancaq bütün bunlara baxmayaraq müxtəlif hedge fondları və investisiya bankları həmin qiymətli kağızlara illərlə yatırım etmiş və yüksək gəlir qazanmışdır. Əlaqədar qurumlar isə işlərin yaxşı getdiyi və bazarın böyüdüyü vaxtda ipoteka kreditlərinin kimlərə verilməsinə nəzarəti itirmişdi.

Bəhs etdiyimiz qanun dəyişikliklərinə etiraz edənlər yox deyildi. Onlarla elm adamı, araşdırmacı-müəllimlər, əsasən FNM və FRE-nin aşağı gəlirlilərə verilən ipotekalara investisiya etməsinin böhran yaradacağını proqnoz vermişdi. Şəxsən mənim elmi rəhbərim, Memfis Universitetinin professoru, Ronald Spahr 90-cı illərdə Konqres üçün ipoteka bazarını təhlil edən və cari böhranı proqnoz edən hesabatı hazırlayan qrupun üzvü olmuşdur. Təəssüf ki, o zaman Konqres siyasi populizm edərək bu hesabata fikir verməmişdi. Hətta illər sonra, bu yaxınlarda bir prokurorun etdiyi araşdırma zamanı həmin hesabatın əslinin Konqres kitabxanasından çıxarıldığı məlum olmuşdur.

Təxminən iki il əvvəl Prof. Spahr və bir neçə alim yenidən ipoteka bazarı ilə bağlı araşdırma aparmağın vacib olduğunu qeyd etmişlər. Səhv etmirəmsə Konqresdə vəya Xəzinə Departamentində bu işlə onların araşdırma istəyinə dəstək verən vəzifəli bir şəxs (adı və vəzifəsi yadımdan çıxıb) vəzifəsini itirməli olmuşdur. Fərz etmək olar ki, Bush höküməti 2008 Noyabr seçkilərindən əvvəl ipoteka və maliyyə böhranının ortaya çıxmasını istəmədiyindən belə araşdırmaya soyuq yanaşıb. Ancaq təxirə salınan tədbirlər ölkəyə milyardlarla ziyan vurdu. Ümumiyyətlə, məlumdur ki, FNM və FRE şirkətlərinin rəhbərlərinin daima Senat və Konqres üzvləri ilə çox yaxın əlaqələri olmuşdur. Bu illər ərzində isə, hətta, həmin şirkətlərin hesabatlarında təhriflərə yol verən şirkət menecerləri milyonlarla dollarlıq maaş və bonus paketi qazanmışlar.

Deməli sosial baxımdan cazibədar qörünən qanun dəyişiklikləri, əslində maliyyə bazarlarını yeni risqlərlə tanış etdi. Dövlət vəsaitindən istifadə edə biləcək qurumlar dövlət tərəfindən riqsli bazarlara daxil olmağa məcbur edildi. Klinton hökümətinin populist siyasəti və dövlətin maliyyə bazarlarına müdaxiləsi uzun illər sonra yaranacaq böhranın əsaslarını hazırladı. Növbəti yazıda maliyyə bazarlarının bu alətlərdən, eləcə də, digər maliyyə alətlərindən istifadə edərək necə yüksək risqli və gəlirli yatırımlar etdiyini, bir müddət qazanıb daha sonra isə müflisləşdiyini müzakirə edəcəyik.

Son xəbərlər
Digər xəbərlər