ABŞ-da prezident seçkiləri üçün onlayn informasiya hubu tətbiq edildi

“Facebook” şirkəti ABŞ-da prezident seçkiləri zamanı səsvermə üçün istifadə olunacaq informasiya hubunu işə salıb.

Bu addımın məqsədi adıçəkilən şirkətə məxsus “Facebook” və “İnstagram” sosial şəbəkələrinin istifadəçisi olan 4 milyonadək seçiciyə qeydiyyatdan keçməkdə yardım etməkdir.

O cümlədən COVID-19 epidemiyası ilə bağlı seçicilərə bületenlərin hansı ştatlarda poçt vasitəsilə göndərildiyi barədə məlumat almaq mümkün olacaq.

Yeni informasiya hubunda həmçinin seçki məntəqə komisiyasında çalışmaq istəyənlər üçün müvafiq ərizə vermək üçün xüsusi bölmə də nəzərdə tutulur.

Xatırladaq ki, bu məsələ geniş mübahisələr doğurmuş, hazırkı Prezident Donald Tramp da poçtla səsvermənin müxtəlif saxtakarlıqlara imkan yaradacağı üçün hətta seçkiləri koronavirus pandemiyası qurtaranadək təxirə salmağı təklif etmişdi.