ABŞ hökuməti təcili kreditləşməni məhdudlaşdırıb. Beləliklə, hər bir kreditor borc alan şirkətə zəruri maliyyələşdirmənin ümumi həcminin 10%-dan çox vəsait verə bilməz.
Qeyd edildiyi kimi, bu qərar koronavirus pandemiyasına qarşı mübarizə fonunda müşahidə edilən misli görünməmiş tələb ilə əlaqədar olub.
Banker.az-ın “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “JP Morgan Chase & Co” və “Citigroup Inc” kimi böyük banklar da daxil olmaqla 5 minə yaxın kreditor 349 milyard dollarlıq maliyyələşdirmədə iştirak edib. Verilən məlumata görə, hökumətin ayırdığı vəsait iki həftə ərzində paylanıb.
Yardım proqramının tənqidçiləri, maliyyələşdirmənin “Kim birinci gəldi, o da aldı” prinsipi üzrə aparıldığını bildirirlər. Xüsusilə, kredit tarixçəsinin rolu böyük olub. “Reuters” in apardığı təhlilə görə, ayrılan vəsaitin 25%-i şirkətlərin cəmi 2%-nə çatıb.
ABŞ hakimiyyəti biznesə dəstək olmaq üçün daha bir yardım paketini təsdiq edib. Lakin mütəxəssislər bu pulun daha sürətli bitəcəyini gözləyirlər, çünki hazırda banklarda on minlərlə müraciətə baxılır.