ABŞ-ın Respublikaçılar Partiyası Donald Trampın impiçment məsələsi üzrə müdafiəsinə dair123 səhifəlik məruzə dərc edib. Xatırladaq ki, prezidentə qarşı impiçment prosedurunun başlamasının əsas səbəbi amerikan liderinin telefon danışığı zamanı ukraynalı həmkarı Vladimir Zelenskiyə təzyiq göstərməsi olub.
Məruzədə respublikaçılar Demokratik Partiyası üzvlərinin iddialarına qarşı çıxıblar. Sənəddə qeyd edildiyi kimi, “impiçment məsələsi üzrə aparılan araşdırmalar, təhlükəli presedent yaradır”.
Respublikaçıların fikrincə, təqdim olunan dəlillər “demokratların heç bir iddiasını təsdiq etmir, çünki rüşvət, hədə-qorxu və ya digər ağır cinayətlər haqqında sübut yoxdur”.
CNN telekanalının verdiyi məlumata görə, Respublikaçılar Partiyası bununla Demokratlar Partiyasını qabaqlayıb. Məruzə dekabrın 3-də ABŞ-ın senatına təqdim ediləcək.