26 C
Baku
Saturday, July 27, 2024

ABŞ-dakı milyarderlər pandemiya dövründə sərvətlərini 1.3 trln. dollar artırıblar

Koronavirus pandemiyası başlayandan bəri ABŞ-dakı milyarderlər ümumi sərvətlərini 1.3 trilyon dollardan çox artırıblar, 80 milyondan çox insan isə əksində, işsiz qalıb. Hal-hazırda hüquq müdafiəçiləri varlılar üçün vergilərin sərtləşdirilməsini tələb edirlər.

“Americans for Tax Fairness”in (ATF, ing. – “Amerika vergi ədalətini dəstəkləyir”) verdiyi məlumata görə, ABŞ-dakı 657 milyarderin ümumi sərvəti son 12 ayda pandemiya öncəsi səviyyə ilə müqayisədə 44.6% artıb. Hüquq müdafiəçiləri məruzədə 29 milyon amerikalının koronavirusa yoluxduğunu, onlardan 535 mindən çoxunun öldüyünü göstərirlər.

“Milyarderlərin sərvəti sürətlə artarkən, 21 mart 2020-2021-ci il arasında 80 milyondan çox insan işsiz qalıb. Qeyd edək ki, onlardan 18 milyonu işsizlik müavinəti alır”, – təşkilat bildirib.

Pandemiya başlayandan ABŞ-da 43 yeni milyarder ortaya çıxıb. Onlardan bəziləri “Airbnb”, “DoorDash”, “Snowflake” və digər şirkətlərin birjaya çıxması prosesində iştirak edərək bu siyahıya daxil olmağı bacarıb. Bildirildiyi kimi, ABŞ-dakı ən varlı insanların kapital artımının 40%-i 15 milyarderin payına düşür. Məsələn, “Tesla” və “SpaceX”in rəhbəri İlon Maskın sərvəti 137.5 milyard dollar (+559%), “Amazon”un qurucusu Ceff Bezosun – 65 milyard dollar (+58%), “Facebook”un sahibi Mark Çukerberqin isə – 47 milyard dollar (86%) artıb.

Pandemiya dövründə ən gəlirli sahə texnologiya sənayesi olub – buradakı milyarderlər sərvətlərini ümumilikdə 564 milyard dollar və ya 68% artırıblar. Onun ardınca maliyyə və investisiya sektoru (226 milyard dollar və ya 37%) gəlir. Avtomobil sənayesinin milyarderləri sərvətlərini 172 milyard dollar və ya 317% artırıblar.

ATF milyarderlərin sərvət artımını 18 mart 2020 – 18 mart 2021-ci il arasında toplanan məlumatlara əsasən hesablayıb. Xatırladaq ki, daha əvvəl “Oxfam” xeyriyyə təşkilatının analitikləri dünyanın demək olar ki, bütün ölkələrində zənginlərlə kasıblar arasındakı fərqin artacağını söyləmişdilər. Onlara görə, son yüz ilin ən yüksək bərabərsizliyi məhz pandemiyanın dövrünə düşür.

Son xəbərlər
Digər xəbərlər