14 C
Baku
Sunday, November 24, 2024

ABŞ-dan gələn bu xəbər nefti 2 dollar ucuzlaşdırdı

ABŞ-da həftəlik neft anbarları ilə bağlı statistika açıqlandıqda məlum olub ki, anbarlarda son həftədə neftin həcmi artıb və bu da hazırda neftin qiymətini ucuzlaşdırmağa səbəb olub. Həmçinin ucuzlaşmada digər bir “motiv” ABŞ dollarının 6 əsas valyuta qarşısındakı indeksinin ötən gün 93.80 bəndlərə qədər möhkəmlənməsi də ola bilər.

Banker.az xəbər verir ki, London birjasında ötən gün üç ilin maksimumuna -80 dollar/barrel səviyyəsinə yüksələn Brent sutka ərzində 2.6% ucuzlaşaraq 77.99 dollar/barrel səviyyəsinə düşüb.

Amerikanın Neft İnstitutu ötən gün açıqlayıb ki, ABŞ-da neft anbarlarında xam neftin həcmi 4.13 mln. barrel artıb. Əgər bu ABŞ hökuməti tərəfindən təsdiqlənərsə, son səkkiz həftədə ilk artım göstəricisi olacaqdır.

Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ neft bazarını sabitləşdirmək üçün OPEC ilə əlaqə saxlayır və qiymətləri aşağı salmaq məqsədilə bütün mümkün variantları araşdırır.

O, “neft və benzinin qiymətini azaltmaq üçün əlimizdə olan bütün vasitələri nəzərdən keçiririk” deyə bildirir.

Neftin qiyməti COVID-19 virusuna qarşı peyvəndləmənin yaxşı getməsi və qlobal iqtisadiyyatın bərpası ilə bağlı müsbət siqnalların gəlməsi ilə bahalaşmağa başlayıb. Əlavə olaraq Azərbaycanın da üzv olduğu OPEC+ alyansı cari ildə bir neçə dəfə nazirlərin iclasını keçirib və neftin qiymətini qorumaq üçün hasilatın həcmində kvota tətbiq etməyə başlayıb ki, bu da bərpa olunan bazarda neftə olan tələbi tam bazar qarşılaya bilmir və bu da qiymətlərin üzərində əlavə təzyiq yaradır.

“Goldman Sachs Group” şimal yarımkürəsində qışın həmişəkindən daha soyuq olacağı təqdirdə neftin qiymətinin 90 $/bbl. səviyyəsindən yüksələ biləcəyini proqnoz edir. Bu da öncəki proqnozun üzərinə əlavə 10 dollar əlavə etmək deməkdir. Bu da 2014-cü ildən bu tərəfə ən yüksək nəticə ola bilər.

“Bank of Amerika” isə neftin qiymətinin qışa kimi 100 dollar/barreli ötməsini də mümkün hesab edir.

“Goldman Sachs Group”  bu həftənin ortalarında Avropaya qaz tədarükünün azalmasının qlobal neft hasilatının məhdud olduğu bir vaxtda alternativ yanacaq olaraq neftə olan tələbatı artıracağını bildirib. Bank bunun əsas səbəbinin ABŞ-ın Meksika Körfəzində baş vermiş qasırğanın olduğunu qeyd edib. Bununla yanaşı, qaz qiymətlərinin düşməsi gözlənilmir.

Bir müddət öncə OPEC+ ölkələri nazirlərinin gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5.8 milyon barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına razılıq verməsinə baxmayaraq neftə tələb yüksəlir.  Neftin qiymətlərində artımlar davamlı olduğu halda OPEC onunla bir cəbhədə olan alyansın oktyabrın 4-ə planlaşdırılan görüşündə hasilatın artırılması ilə bağlı qərara dəyişiklik edəcəyi və noyabr ayından etibarən bazara daha çox neft çıxarmağa çalışacağını müzakirə etməsi istisna edilmir.

Ötən gün iqtisadçı, deputat Vüqar Bayramov qeyd edib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan 18 771 min ton həcmində xam neft məhsulları ixrac edib.

“Bu 8 498 milyon dollar dəyərində xam neft ixracatı deməkdir. Həmin müddətdə ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 9.5% azalsa da, dəyər ifadəsində 25.1 % artıb. Göründüyü kimi, ilk 8 ayda neftin orta qiymətindəki artımlar ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Qeyd edək ki, Azərbaycan gündəlik xam neft hasilatının gələn aydan daha 7 min barrel artıraraq 640 min barrelə çatdıracaq və ixtisarla bağlı öhdəliyin isə 78 min barrel həcmində olacaq”.

 

Son xəbərlər
Digər xəbərlər