9 C
Baku
Thursday, December 12, 2024

“ABŞ dövlət borc qiymətli kağızları” Çin üçün həqiqətən ticarət silahı sayılırmı?

ABŞ və Çin arasında ticarət müharibəsi hər iki ölkənin qarşılıqlı addımları ilə daha da gərginləşir. Ticarət müharibəsi başlayan andan etibarən ekspertlər bu iki ölkənin iqtisadi qüdrəti və bu ticarət müharibəsində istifadə edə biləcəkləri silahların effektivliyini müzakirə edirlər.

Bir çox mütəxəssislərin fikrincə Çin üçün ən effektiv silah onun ABŞ dövlət borc qiymətli kağızlarının ən böyük investoru olmasıdır.  Belə ki, ABŞ hökümətinin borclanmaq üçün buraxdığı borc qiymətli kağızların 1,17 trilyon ABŞ dolları məhz Çin tərəfindən alınmışdır və Çin hər il bu qiymətli kağızlara investisiya edir, yəni ABŞ Çin qarşısında borclanır. Hamı tərəfindən bilinən bu fakt həqiqət Çin üçün silah, ABŞ üçün isə təhdid sayıla bilərmi? Əgər Çinin əlində belə maliyyə silahı varsa, niyə onu istifadə etmir?

Birinci onu başa düşmək lazımdır ki, Çin niyə bu qiymətli kağızlara investiya edir. Çin bütün dünyada ixracat mərkəzi sayılır və ixrac potensialı üçün ucuz maya dəyərindən başqa, həm də ucuz yerli valyuta lazımdır. Çin isə dünyada ixrac lideri olduğundan, ölkəyə daxil olan ABŞ dollarının həcmi tənzimlənməlidir ki,  yerli valyuta qarşısında dollar ucuzlaşmasın; yəni yerli valyuta bahalaşmasın. Ən sadə dillə desək, bəzi ölkələr yerli valyutanı devalvasiyadan qorumaq üçün bazarda dolların həcmini artırmaqla intervensiya edirsə, Çin Mərkəzi Bankı isə bazardan dolları yığmaqla intervensiya edir. Çin 3.1 trilyon dollarla dünyanın ən çox valyuta ehtiyatına sahib ölkəsidir və ABŞ-ın aşağı riskli borc qiymətli kağızları belə böyüklükdə investiya üçün ən təhlükəsiz maliyyə alətidir. Digər tərəfdən Çin ABŞ-a dollar borc verərək, ABŞ-ın Çin mallarını idxal etməyini təmin edir.

Çinin bu maliyyə alətinə investisiyasının səbəbini izah etdikdən sonra, ikinci məsələ onun bu alətləri ABŞ-a qarşı istifadə edə bilib-bilməyəcəyidir. Əvvəla onu qəbul etmək lazımdır ki, Çinin bu borcu tələb etməsi o demək deyil ki, ABŞ həmin gün 1,7 trilyon dolları Çinə qaytarmalıdır. Bu investisiyalar uzun müddətlidir və müddəti bitdikdə ABŞ tərəfindən ödənilir. Çin bu qiymətli kağızları bazara çıxarsa, maliyyə bazarlarında bu qiymətli kağızların təklifi artacaq ki, bu da kağızların qiymətini aşağı salacaq. Nəticə olaraq ABŞ höküməti yeni qiymətli kağızları satmaq üçün daha yuxarı kupon dərəcəli qiymətli kağız buraxmağa məcbur olacaq. Belə olan təqdirdə, ABŞ höküməti və şirkətləri üçün borclanma faizi artacaq və bu iqtisadiyyatda durğunluğa gətirib çıxaracaqdır. Səhmə investisiya edənlər, borc qiymətli kağızların daha çox gəlir gətirdiyini düşünüb, səhmləri sata və bu isə səhm bazarında itkiyə səbəb ola bilər.

Bütün bu faktlar ABŞ-ın əleyhinə olsa da, bu addımın bazara effekti tək-tərəfli deyil. Çin höküməti özü də başa düşür ki, qiymətli kağızları satmağa başlasa və qiymət aşağı düşsə, öz balansında olan qiymətli kağızları zərərlə (daha ucuz qiymətə) satmalıdır və bu ölkədən milyardlarla dollar kapital axınına səbəb ola bilər. Eyni zamanda, bu addım dolların valyuta bazarında ucuzlaşması isə nəticələnə bilər ki, bu da Çinin iqtisadi siyasətinə ziddir.

Çin bu qiymətli kağızların tək sahibi deyil. Bu qiymətli kağızlara investisiya edən Yaponiya (1 trilyon dollar), İrlandiya, İsveçrə və digər ölkələr və özəl şirkətlər var. Qiymətli kağızların satılması o demək deyil ki, qiymət dərhal aşağı düşəcək. Bu qiymətli kağızlar dünyanın ən risksiz investisiyalarından sayıldığından (ABŞ höküməti borcu ödəyə bilməsə də, FED (Federal Ehtiyat Bankı) dollar çap edəcək və hökümət FED qarşısında borclanaraq ödəniş edəcək) kağızlara tələb də arta bilər. Onu da nəzərə almaq lazımdır ki, FED-in faiz dəhlizini artırması, bu kağızları daha cəlbdici edir.

İqtisadi nəzəriyyələrə əsaslansaq, yuxarıda qeyd edildiyi kimi, Çinin aqressiv qiymətli kağız satışı təkcə ABŞ iqtisadiyyatına deyil, bütün qlobal bazarlara effekti olacağını proqnozlaşdırmaq olar. Onu da vurğulamaq lazımdır ki, bu satışın əks-effekti də ola bilər, hansından ki, ən çox Çin iqtisadiyyatı zərər görər. Ekspertlərin fikrincə, belə bir silaha əl atmaq Çin üçün ən son variant sayılmalıdır. Belə vəziyyətin yaranması, dünyada iqtisadiyyatların nə qədər bir-birindən asılı vəziyyətə gəldiyini göstərən nümunədir.

 

— Müəllif —
Ali Dadashzade, ACCA

 

Son xəbərlər
Digər xəbərlər