1 C
Baku
Saturday, December 14, 2024

ABŞ Dövlət Departamenti: “Azərbaycan iqtisadiyyatı 2021-ci ildə 5.6% böyüyüb”

Azərbaycanda ümumi investisiya mühiti inkişaf etməkdə davam edir, lakin bəzi önəmli çağırışlar qalmaqdadır.

ABŞ-ın Dövlət Departamentinin dərc etdiyi “2022 İnvestisiya Hesabatları:Azərbaycan” adlı sənəddə belə qeyd olunub.

Bildirilib ki, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlarla və özəl sektora əsaslanan iqtisadi böyüməni təşviq etməklə ölkəyə xarici investisiyanın cəlb edilməsinə çalışır.

Sənəddə Azərbaycan iqtisadiyyatının neft və qazdan asılı olduğu və bunun ölkənin ümumi gəlirlərindəki payının 88%, dövlət büdcəsinin isə yarısını təşkil etdiyi qeyd olunub.

Bildirilib ki, Azərbaycan iqtisadiyyatı 4.3% kiçildiyi 2020-ci ildən fərqli olaraq 2021-ci ildə 5.6% böyüyüb.

Əlavə olunub ki, iqtisadiyyatın pandemiyadan sağalması dövründə neft və qaz sektoru 1.7%, qeyri-neft sektoru isə 7.2% böyüyüb.

Qeyd olunub, neft və qaz sektoru xarici investisiyada ən böyük paya sahib olduğu bir vaxtda Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi üçün 4 qeyri-neft sektoruna hədəflənib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat-logistika.

Vurğulanıb ki, biznes mühitinin inkişaf etdirilməsi məqsədilə son illərdə həyata keçirilən tədbirlər və iqtisadiyyatdakı ümumi islahatlara lazımsız biznes lisenziyası kateqoriyalarının aradan qaldırılması, populyar olan ASAN xidmətin lisenziyalaşdırma səlahiyyətlərinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, müəyyən biznes təftişlərinin dayandırılması və vergi sistemində reformlar daxildir.

Sənəddə qeyd olunub ki, 2021-ci ildə COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda dövlət büdcəsindən 800.8 milyon manat (471 milyon dollar) ayrılaraq vaksinlərin alınmasına, səhiyyə işçilərinə bonusların ödənilməsinə və modul tipli xəstəxanaların fəaliyyət göstərməsinin dəstəklənməsinə sərf edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər