ABŞ gömrüyü $166 milyardlıq rüsumları 45 gün ərzində şirkətlərə geri qaytaracaq

Şirkətlər ABŞ Ali Məhkəməsi tərəfindən qanunsuz hesab edilən 166 milyard dollar məbləğində gömrük rüsumlarını 5 gün ərzində alacaqlar. Bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin nümayəndəsi Brendon Lordun Ali Məhkəməyə təqdim etdiyi bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, gömrük xidməti rüsumların sadələşdirilmiş qaytarılması mexanizminin yaradılması istiqamətində irəliləyiş əldə edib — sistem 60–85% hazırdır. Bununla belə, yeni sistemin müraciətlərin qəbulu və işlənməsi üçün 45 günə qədər vaxt tələb oluna bilər.

Lordun sözlərinə görə, sistem müraciətləri mərhələli şəkildə qəbul edəcək. Üstünlük son 80 gün ərzində təqdim edilmiş və statusu “dayandırılıb”, “uzadılıb” və ya “yenidən baxılır” olan gömrük bəyannamələrinə veriləcək.

Gömrük xidməti bildirib ki, artıq 26 mindən çox idxalçı təxminən 120 milyard dollar həcmində gömrük rüsumlarının elektron qaytarılması üçün qeydiyyatdan keçib. ABŞ hakimiyyətinin hesablamalarına görə, ümumilikdə idxalçılar sonradan məhkəmələr tərəfindən qanunsuz sayılan rüsumlara görə 166 milyard dollar ödəyiblər.

ABŞ Ali Məhkəməsi fevralın 20-də hazırkı prezident Donald Trampın beynəlxalq fövqəladə vəziyyətlər barədə qanuna əsaslanaraq digər ölkələrə qarşı idxal rüsumları tətbiq etməsini səlahiyyətlərin aşılması kimi qiymətləndirib. Bununla yanaşı, məhkəmə administrasiyanın əvvəllər toplanmış rüsumları geri qaytarmalı olub-olmaması məsələsinə aydınlıq gətirməyib. Bundan sonra ABŞ prezidenti bütün ölkələrdən idxala 10% rüsum tətbiq edən fərman imzalayıb və bu göstəricini 15%-ə qaldırmaq niyyətini açıqlayıb. ABŞ idxalına tətbiq olunan 10%-lik qlobal rüsumlar fevralın 24-dən qüvvəyə minib və 150 gün — iyulun 24-dək qüvvədə qalmalıdır.

Son xəbərlər
Digər xəbərlər