ABŞ hökuməti “Green Card” və vətəndaşlıq üçün müraciətlər üzrə genişləndirilmiş yoxlamalar tətbiq etməyə başlayıb. “CBS News” və “Reuters”in məlumatına görə, gücləndirilmiş yoxlamalar immiqrasiya güzəştlərinə — sığınacaq, “Green Card” və ABŞ vətəndaşlığı üçün müraciət edən şəxslərə şamil olunur.
ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin əməkdaşlarına (USCIS) genişləndirilmiş bioqrafik yoxlamadan keçməmiş heç bir müraciətin təsdiqlənməməsi tapşırılıb.
Təhlükəsizlik yoxlamalarının sərtləşdirilməsi FBI-nin müraciət edənlərin məhkumluq məlumatları bazasına daha geniş çıxışı Donald Trampın fərmanı çərçivəsində USCIS-ə təqdim etməsi ilə əlaqələndirilir.
“CBS News”a açıqlamasında USCIS nümayəndəsi bildirib ki, qurum “müraciət edənlərin yoxlanmasını gücləndirmək məqsədilə federal cinayət məlumat bazalarına çıxışı genişləndirərək yeni təhlükəsizlik yoxlamaları tətbiq edib”.






