ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndələri, Covid-19 koronavirusunun yayılması şəraitində ölkə iqtisadiyyatına dəstək üçün daha 1 trilyon dollar vəsait ayırmağı təklif ediblər.
Banker.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin məlumat verib.
Onun sözlərinə görə, Ağ Ev respublikaçı senatorların irəli sürdüyü təşəbbüsü dəstəkləyib. Hal-hazırda layihənin texniki məsələləri müzakirə olunur.
“1 trilyon dollarlıq paketin içərisində prioritet və təxirəsalınmaz işlər var”, – deyən nazir, demokratların kəskin mövqeyi səbəbindən əmək haqqı vergisinin azaldılması təklifinin çox güman ki, layihəyə daxil edilməyəcəyini vurğulayır.
Maliyyə Nazirliyinin verdiyi məlumata əsasən, tədbirlər paketinə əvvəlki qaydada amerikalı ailələrinə 1,2 min ABŞ dolları məbləğində birbaşa ödənişlərin verilməsi də daxildir. Yəni ödənişlər illik gəliri 75 min dollardan az olan vətəndaşlara veriləcək. İllik gəliri 75-100 min dollar arasında olan vətəndaşlar 1,2 min dollardan az, gəliri 100 min dollardan çox olan vətəndaşlar isə heç nə almayacaqlar.
Xatırladaq ki, martın sonlarında ABŞ prezidenti Donald Tramp ölkə iqtisadiyyatına dəstək üçün 2 trilyon dolların ayrılması barədə qanun imzalamışdır. Bu vəsait səhiyyə sisteminin maliyyələşdirilməsi, biznesə dəstək, o cümlədən işsizlik müavinətinin ödənilməsinə xərclənib.