Ölkənin daha bir gənc və perspektivli rektorunu tanıyaq
Xəbər verdiyimiz kimi, Şahin Bayramov bu gün Prezidentin sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.
Şahin Bayramov ABŞ-ın 3 universitetində təhsil alıb.
O, 2015-ci ilin sonunda ABŞ-ın Nyu York şəhərində “İcraçılar üçün Qabaqcıl Liderlik Proqramı”nda (Advanced Executive Leadership Program) iştirak edib. Tədbirə Avropa kontinentindən qoşulan yeganə nümayəndə Ş.Bayramov Seminarda aktiv iştirak edib.
2016-cı ilin fevralında ABŞ-ın Mayami şəhərində Şimali Amerika regionu üzrə İkinci Beynəlxalq Universitetlər Şəbəkəsi Konfransında (International Universities Networking Conference – IUNC North America 2016) iştirak edib. Tədbir çərçivəsində ABŞ, Yaponiya, Braziliya, İspaniya, Fransa, İtaliya, Çexiya, Hindistan və digər ölkələri təmsil edən universitetlərin və ali təhsil agentliklərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə universitetlərarası əməkdaşlıq imkanları və UNEC-ə xarici tələbə cəlb olunması məsələləri müzakirə olunub. Sonra Florida Beynəlxalq Universitetinin kampusuna səfər edib və həmin universitetin Biznes Kollecində olub.
ABŞ Dövlət Departamentinin Hubert H.Humphrey Təqaüd Proqramının qalibi seçilməklə Amerikada professional inkişaf təlimlərinə qatılmaq imkanı qazanıb. Proqram çərçivəsində 11 avqust 2015-ci il – 10 iyun 2016-cı il tarixlərində ABŞ-da təhsil alaraq, proqramı uğurla başa vurub.
Həmçinin Şahin Bayramov İqtisad Universitetində təhsil alıb, ardınca İndiana İqtisadiyyat Universitetində, sonra isə Pensilvaniya Dövlət Universitetində təhsilini davam etdirib, daha sonra isə Kornel Universitetində təhsil alıb.
2017-ci ilin aprelinə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində işləyib.
2017-ci il aprelin 17-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.