ABŞ-ın Baş prokuroru Merrik Qarland Ukraynaya elan olunmamış səfərdədir.
Bu barədə ABŞ Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi Entoni Kouli öz Tviter səhifəsində məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, Qarland Ukraynanın Baş prokuroru İrina Venediktova ilə görüşərək Ukraynada hərbi cinayətlərdə əli olan şəxslərin müəyyən edilməsi səylərini müzakirə edəcək.
“Birləşmiş Ştatlar aydın siqnal göndərir: gizlənməyə heç bir yer yoxdur, biz və tərəfdaşlarımız bu vəhşiliklərə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək üçün bütün imkanlardan istifadə etmək niyyətindəyik”, – Baş prokuror özü bildirib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti bundan əvvəl Rusiya qüvvələrinin Ukraynadakı münaqişədə hərbi cinayətlərdə iştirak etdiyi qənaətinə gəldiyini açıqlamışdı. Rusiya tərəfi isə bu cür ittihamları rədd edir.