21 C
Baku
Thursday, April 25, 2024

ABŞ-ın dövlət borcu. 22 trilyonluq borc necə yaranıb?

2019-cu il davam edərkən, Amerika Birləşmiş Ştatlarının dövlət borcunun 22 trilyon dollara çatdığı xəbəri bazarlarda müəyyən çaxnaşmaya səbəb oldu. Belə ki, 1980-ci ildə 908 milyard dollar olan borc, son 39 ildə büdcə kəsrinin borc hesabına maliyyələşməsi sayəsində astronomik həddə artıb.

Təkcə 21-ci əsrdə, ABŞ dövlət borcu ildə 900 milyard dollar artaraq böyümüşdür. Bu borc hal-hazırda ABŞ-ın ümumi daxili məhsulunun 104%-nə bərabərdir. Dövlət borcu demək olar bütün digər ölkələr üçün ciddi problem sayılır və ölkələr dövlət borcunu ödəyə bilmədiklərinə görə defolt riski ilə qarşılaşırlar. Məsələn, Yunanıstan dövlət borcunu ödəyə bilmədiyi üçün Beynəlxalq Valyuta Fonduna müraciət etdi və ölkənin büdcə xərclərində ciddi restruktizasiyalar və azalmalar oldu. ABŞ höküməti isə dayanmadan borclanır və buna baxmayaraq ABŞ dövlət borc qiymətli kağızları hələ də dünyanın ən etibarlı risksiz qiymətli kağızı sayılır. Bu məqalədə, ABŞ dövlət borcunun necə formalaşdığını təsvir edəcək, ABŞ-ın niyə bu qədər dövlət borcunu belə asanlıqla əldə edə bilməyini müzakirə edəcəyik.

ABŞ dövlət borcunun yaranmasının səbəbi büdcə gəlirlərinin xərclərdən az olduğu üçün, dövlətin qiymətli kağızlarını tədavülə buraxaraq, maliyyələşməni həyata keçirməsidir. Belə ki, büdcəyə daxil olmalar vergi, rüsum və digər bir-başa transferlərdən ibarət olduğu halda, xərclərin qarşılanması üçün bu vəsait kifayət etmir. Yəni, faktiki olaraq, vergi və rüsum olaraq vergi ödəyicilərindən toplanaraq maliyyələşməli olan proqramlar, uzun müddətli borc qiymətli kağızlarının satılması ilə maliyyələşir. Dövlət borc qiymətli kağızları dünya bazarında tədavülə buraxılır və ölkələr, hüquqi şəxslər və digər banklar istədiyi qədər borc qiymətli kağızı əldə etmək üçün, ABŞ hökümətinə qiymətli kağızların bazar dəyərini ödəyirlər. Əlbəttə ki, bu dövlət borc qiymətli kağızları investorlara müəyyən faiz gəliri də qazandırır. Əslində bu praktika normal sayıla bilər, çünki dünyanın demək olar bütün kapitalist ölkələri bu yolla maliyyələşməni təmin edirlər. Son illər həm Obama həm də Tramp administrasiyasının xüsusilə korporativ və gəlir vergilərində azalma tətbiq etməsi və siyasi maraqlar naminə dövlət büdcəsindən maliyyələşən proqramların maliyyələşməsi dövlət borcunun ciddi şəkildə artması ilə nəticələndi. Faktiki olaraq, hər iki administrasiya, büdcənin gəlir gələn kanallarını azaldaraq, xərclərin artırılması ilə indiki iqtisadiyyatı borc hesabına böyütməklə, gələcək nəsillərə trilyonlarla borc ötürürlər. ABŞ-ın dövlət borcu iki kateqoriyaya bölünür: Hökümətdaxili borclanma və dövlət borcu. Hökümətdaxili borc, dövlətin maliyyələşdirdiyi layihə və s. digər sosial layihələrin icrasından yaranmış əlavə vəsaitin dövlətin buraxdığı qiymətli kağızın alınmasına yönəldilməsidir. Sadə dillə izah etsək, ABŞ-da Sosial Müdafiə Fondu təqaüd ödənişlərinin həyata keçirilməsi üçün lazımı vəsaitdən daha çox vergi toplaya bilir və nəticədə əlavə yaranmış vəsaitlə dövlətin borc qiymətli kağızını əldə edir: yəni büdcə, büdcədən maliyyələşən agentliyə borclanır, ancaq eyni zamanda büdcə kəsirini müəyyən dərəcədə bağlayır. Hökümətdaxili borc, ABŞ dövlət borcunun yalnız 27%-i və yaxud təxminən 5.9 trilyon dollar hissəsini təşkil edir. Digər kateqoriya üzrə borc isə dövlətin üçüncü şəxslərə olan borcudur və bu borcun 12%- Federal Ehtiyatlar Bankına, 30%-i digər ölkələrə, qalan hissəsi isə banklar, özəl təqaüd fondlarına və digər şirkətlər qarşısında olan öhdəliklərdir.

capitolio nocturno washington usaABŞ dövlət borcunun necə formalaşdığını təsvir etdikdən sonra, ABŞ-ın bu borcu niyə belə asanlıqla ala bilməsinə diqqət yetirək. Ümumi çarxın necə dövr etdiyini sadə dillə anlamaq üçün, çox keçmişə, Bretton Woods razılaşmasının əldə edildiyi 1944-cü ilə nəzər yetirmək lazımdır. Bretton Woods müqaviləsi dünyanın 44 ölkəsi tərəfindən imzalanan, sərbəst dönərli valyutaların elan olunduğu və dünya ticarətində ABŞ dollarının əsas valyuta kimi qəbul edildiyi razılaşmadır. Belə ki, bu razılaşmaya imza atan 44 ölkənin valyutaları ABŞ dolları ilə tənzimlənməli, dolların özü isə Federal Ehtiyatlarda olan qızıl rezervləri ilə dəstəklənməli idi. Yəni, dünya ölkələri dolları qlobal valyuta kimi qəbul edirdi və hər bir kağız dolların arxasında dolların ala biləcəyi qədər qızıl ehtiyatı dayanırdı. Hətta onu da qeyd etmək lazımdır ki, tarixin ən dahi iqtisadçılarından biri Keynes dünyada bankor adlı yeni qlobal valyutanın yaradılmasını və ticarətin bu valyuta ilə maliyyələşməsi fikrini irəli sürsə də, sonda ABŞ baş xəzinədarının təklifi ilə dollar əsas valyuta kimi qəbul edildi. Lakin Bretton Woods müqaviləsi 1971-ci ildə ABŞ-ın dollar öhdəliklərinin qızıldan daha çox olması ilə ləğv edildi və o vaxtki prezident Nikson ABŞ dollarının artıq qızıl ilə tənzimlənmədiyini elan etdi. Faktiki olaraq, bütün dünya ticarəti dollarla etdiyi və xarici valyuta ehtiyatlarını dollara çevirdiyi bir vaxtda, dolların qiymətinin qızılla tənzimlənməsi dayandırıldı. Beləcə, artıq FED istədiyi qədər dollar əskinası çap edib, dünyanı borclandıra bilərdi. Başqa sözlə desək, əmtəənin bazarda təklifi tam olaraq FED-in əlinə keçdi. İndiki vəziyyətdə, dünyada dolların yeganə rəsmi çap edən və tədavülə buraxan bank FED-dir. Digər ölkələr FED-dən borclana bilmir və dollar əvəzində müəyyən xidmət və ya əmtəə, məhsul verməlidirlər. ABŞ höküməti isə bu barədə çox sərbəstdir. ABŞ höküməti kağız əskinasları almaq üçün, qiymətli kağız tədavülə buraxır və faktiki olaraq kağız pulun arxasında heç bir əmtəə dayanmır. Sadə izah etsək, dollar çap etmək üçün FED-ə yalnız çap maşını, ABŞ hökümətinə isə FED-ə verəcəyi borc qiymətli kağız lazımdır. Nəzəri olaraq bu alış-verişin bir limiti görünmür. ABŞ höküməti borcunu ödəyə bilməsə də, yenə qiymətli kağız buraxaraq, FED-dən dollar ala bilər. Məhz çarxın belə dövriyyəsinə görə, ABŞ höküməti üçün dövlət borcunun 20 trilyon dollara çatması faciə sayılmır.

Göründüyü kimi, ABŞ dollarının dünyanın əsas valyuta ehtiyatı qəbul edilməsi və bu valyutaya olan ehtiyacın yalnız bir bank tərəfindən qarşılanması, FED-i dünyanın maliyyə çarxını idarə etməsinə imkan yaradır. Digər ölkələrin öhdəliklərinin yerinə yetirmək və ticarəti maliyyələşdirmək üçün dollara ehtiyacı olduğundan və yerli mərkəzi banklardan çap edilmiş dollar əskinası ilə maliyyələşmədiklərindən, dövlət borcu problemə çevrilir. Faktiki olaraq, yerli valyuta dünya ticarətində istifadə edilmirsə və büdcə gəlir və xərclərində xarici ticarətin payı böyükdürsə, yerli valyutada borclanma ancaq daxili bazarda inflyasiya ilə nəticələnir. ABŞ məhz belə problem ilə qarşılaşmadığı üçün iri məbləğdə borclanma onun borc reytinqlərinə və ödəniş qabiliyyətinə təsir etmir.

Müəllif:
ƏLİ DADAŞZADƏ

 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər