ABŞ-ın ExxonMobil neft şirkəti özünün Azərbaycanın ən böyük neft yatağındakı payının satılmasını yenidən gündəmə gətirib.
“Reuters” agentliyi bildirir ki, bank və sənaye mənbələrinin məlumatına görə sözü gedən yataq Asiyanın bir sıra iri neft-qaz şirkətlərinin diqqətini cəlb edir.
ABŞ-ın ən böyük neft-qaz şirkəti olan ExxonMobil Xəzər dənizindəki Azəri-Çıraq-Günəşli (AÇG) yatağındakı 6.8 faizlik payını ilk dəfə 2018-ci ildə satmaq istəmişdi. Elə təxminən həmin vaxtdan onun rəqibi olan Chevron da bu yataqdakı 9.57 faizlik payının satışına hazırlığa başlamışdı.
“Reuters” yazır ki, Exxon şirkəti satış prosesini heç vaxt rəsmən dayandırmasa da, bu prosesə Chevron öz payını Macarıstanın MOL MOLB.BU şirkətinə satmaq üçün danışıqlara başlayanda ara vermişdi. Bu danışıqlar 2019-cu ilin noyabrında 1.57 milyard dollarlıq sazişin imzalanması ilə nəticələnmişdi.
Exxon şirkətinin payının satılması prosesi ilə məşğul olan Bank of America Merrill Lynch firması satış prosesini bu yaxınlarda bərpa edib. “Reuters” vurğulayır ki, bütün bu proseslər neft qiymətlərinin bir barrel üçün 30 dollar civarında qalxıb-endiyi bir vaxtda cərəyan edir. Şirkətin sözçüsü Culiya King deyib: “ExxonMobil özünün Azərbaycandakı qeyri-əməliyyat aktivlərinə bazar maraqlarını yoxlayır. Exxon özünün istehsal portfoliosunu vaxtaşırı qiymətləndirir və əgər başqa şirkətlər hər hansı aktivlərdə daha böyük dəyər görsələr, biz bu aktivləri satırıq”.
Exxon şirkətinin payına Çinin “National Offshore Oil Corp”, Hindistanın ONGC və İndoneziyanın “Pertamina” şirkətləri maraq göstəriblər. Agentlik sənayedəki mənbələrə istinadən yazır ki, bu şirkətlər ExxonMobil-in payını ilkin qiymətindən xeyli ucuz almağa ümid bəsləyirlər. Exxon şirkətinin bu satışdan nə qədər pul götürmək istədiyi aydın deyil, amma bu, Chevron-un payından əhəmiyyətli dərəcədə ucuz ola bilər.
Reuters yazır ki, Azərbaycan dövlət neft şirkəti – SOCAR bu barədə şərh verməkdən imtina edib. BAML və “Pertamina” şirkətləri agentliyin sorğusuna cavab verməyiblər. ONGC şirkəti də şərh verməkdən boyun qaçırıb. Hindistandakı sənaye mənbələrindən biri bildirib ki, AÇG-də artıq payı olan ONGC Exxon şirkətinin payını alıb-almamaq məsələsi barədə hələlik qərar qəbul etməyib, lakin bu yataqdakı başqa şərikləri ilə danışıqlar aparır.
Reuters yazır ki, neft qiymətlərinin kəskin düşməsi nəticəsində Exxon şirkəti ilin birinci rübündə son onilliklər ərzində ilk dəfə olaraq ziyanla işləyib və bu səbəbdən də xərclərini 30 faiz azaldıb. Bu da xəbər verilir ki, Exxon ötən ildən özünün Avropa, Asiya və Afrikadakı 25 milyard dollarlıq neft və qaz yataqlarından xilas olmaq planının icrasına başlayıb. Bunun əvəzində, qərargahı Texasda olan şirkətin diqqətini ABŞ-da və xaricdəki bir neçə meqalayihələrə yönəldəcəyi deyilir.
Exxon bundan əvvəl Norveçdəki aktivlərini 4.5 milyard dollara satıb və Avstraliya, Malayziya və Nigeriayada da aktiv satışı proseslərinə başlayıb. Xəzərdəki əməliyyatlarının satışı Exxon üçün Azərbaycandakı 25 illik fəaliyyətinin sonu demək olacaq.
Exxon və Chevron Sovet İttifaqının çökməsindən sonra, 1994-cü ildə Azərbaycanın hazırkı neft sənayesinin qurulmasında və “Əsrin kontraktı” adını qazanmış layihədə iştirak edən 5 ABŞ şirkətinin sırasında idi.