3 C
Baku
Bazar, Noyabr 28, 2021

ABŞ-ın strateji neft ehtiyatları son 18 ildə minimuma düşüb

ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin verdiyi məlumata görə, hal-hazırda ölkənin neft ehtiyatları 2003-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.

Banker.az xəbər verir ki, noyabrın 12-də başa çatan həftə ərzində neft ehtiyatları 0.5% azalaraq 606.1 milyon barel təşkil edib. İdarənin icmallında deyildiyi kimi, ABŞ-ın kommersiya neft ehtiyatları da (strateji ehtiyatlar istisna olmaqla) eyni dövrdə 0.5% azalaraq 433 milyon barelə düşüb.

Əvvəlki həftə ilə müqayisədə ABŞ 100 min barel az neft hasil edib – hasilat gündəlik 11.4 milyon barel olub. Ötən il bu rəqəm orta hesabla 11.283 milyon barel təşkil edib.

Qeyd edək ki, daha öncə ABŞ prezidenti Co Bayden Çin sədri Si Tsinpinlə virtual konfransı zamanı ölkəni öz neft ehtiyatlarından istifadə etməyi xahiş edib. Çin bu təklifi dəstəkləsə də, öz üzərinə heç bir öhdəlik götürməyib.

“WTI” və “Brent” markalı neftin qiyməti bu payızda qlobal enerji böhranı fonunda tələbin artması ilə əlaqədar olaraq 80 dollar/barel həddini keçib. Noyabrda Bayden də OPEC+ ölkələrini neft hasilatını plandan artıq artırmağa çağırsa da, alyans üzvləri bundan imtina edib.

ABŞ-ın bazarda təklifi artırmaq cəhdləri neftin qiymətini sabitləşdirmək istəyi ilə bağlıdır ki, bu da noyabrın ortalarında ölkədə benzinin qiymətinin 60% artmasına səbəb olub. ABŞ-ın energetika naziri Cennifer Qrenholm da noyabr ayında evlərin isitmə xərclərinin keçən ildən artacağı barədə xəbərdarlıq edib.

Son xəbərlər
Oxşar xəbərlər
X