ABŞ-ın Avropaya göstərdiyi təzyiq get-gedə artır.
Banker.az xəbər verir ki, bu, “Airbus” şirkəti üçün subsidiyaların ayrılması məsələsi ilə bağlı olub.
ABŞ-ın Ticarət Nümayəndəliyi (USTR), Avropa İttifaqından idxal olunan və dəyəri 4 milyard dollar olan mallara əlavə vergi rüsumlarını tətbiq etməyi təklif edib. Siyahıya albalıdan tutmuş ət, pendir, zeytun və un məmulatlarına qədər olan mallar daxil edilib.
Yaxın gələcəkdə bu siyahının daha da genişləndirilməsi planlaşdırılır. Ticarət nümayəndəsi avqust ayının 5-də dinləmələr keçirəcəyini bildirib.
Əvvəllər də qeyd edildiyi kimi, “Airbus” üçün ayrılan subsidiyalar ABŞ iqtisadiyyatına ildə təxminən 11 milyard dollar ziyan vurur.
Ümumdünya Ticarət Təşkilatının apardığı araşdırmalara görə, Aİ-nın subsidiyaları beynəlxalq ticarət qaydalarını pozur. Bu məsələ ilə bağlı müəyyən tədbirlərin keçirilməsi gözlənilir.
“Son siyahıda ÜTT-nin arbitrinin hesabatı da nəzərə alınacaq”, – USTR-nin mesajında deyilir.
Amerika biznesi yeni tariflərə qarşı çıxır.
“Amerikan şirkətləri – fermerlərdən tutmuş tədarükçülərə və pərakəndəçilərə qədər – ABŞ-ın bəzi spirtli içkilərinə cavab tariflərinin tətbiqindən artıq təsirləniblər”, – deyə ABŞ-ın distillə edilmiş spirtli içkilər Şurası bildirib.
Avropa İttifaqı “Boeing” şirkəti üçün subsidiyalar məsələsinə görə əlavə vergi rüsumlarını tətbiq edəcəyi amerikan məhsullarının siyahısını dərc edib.