Son 1 həftə ərzində ABŞ-da 3 bank, Silicon Valley Bank, Signature Bank və Silvergate Capital iflas etdiklərini açıqladı. Çox qısa olaraq, bunun səbəbi və törədə biləcəyi nəticələrə toxunmağa çalışacam.
İflas edən ən böyük bank Silicon Valley Bank iflas etdiyi gün ABŞ-ın 16-cı ən böyük bankı idi. Bank 31.12.2022-ci il tarixdə 15 milyard ABŞ dolları məbləğində reallaşdırılmamış zərərini açıqlamışdı. Həmin zərərin əsas səbəbi isə Federal Ehtiyatlar Sisteminin (FED) ABŞ-da inflyasiyanı zəiflətmək üçün 2022-ci il ərzində davamlı və aqressiv faiz artımları nəticəsində xüsusilə texnoloji şirkətlərin pandemiya dövründə çox dəyər qazanmış (hətta köpük formalaşmışdı) səhmləri və qiymətli kağızlarının ucuzlaşması idi.
Silicon Valley Bank qiymətli kağızlar və səhmlərə böyük investisiyalar yatırmışdı. Reallaşdırılmamış 15 milyard zərər depozitorların bankdan depozitlərini çəkməyə sövq etdi. Depozit qaçışı (deposit run) başladı. Fevral ayında bank səhmdarları bankın xilas planını (planın əsas mahiyyəti səhmdar kapitalının artırılması idi) hazırlasalar da, son anda plandan imtina etmişlər. Depozit qaçışı nəticəsində bankın likvidliyi kəskin pozulmuş, bəzi reallaşdırılmamış zərərləri də reallaşdırmağa məcbur olmuş, sonda isə depozitləri ödəyə bilmədiyini elan edərək iflas qərarını açıqlamışlar. Bankın Böyük Britaniya (BB) qolunu BB-nın HSBC bankı vergi öhdəliklərindən azad olmaq şərtilə 1 funt sterlinqə (simvolik alış) almış, depozitləri isə ödəyəcəklərinin öhdəliyini götürmüşlər. Vurğulayıram ki, bu sadəcə Silicon Valley Bankının Böyük Britaniya qoluna aiddir. Bankın depozit portfeli 211.8 milyard dollardır ki, bunun da 90 faizi sığortalanmayıb. (xatırladım ki, ABŞ-da 250 min dollara qədər depozitlər sığortalanır. Bu bankın isə kifayət qədər böyük və nüfuzlu depozitorları var idi).
Digər iflas edən bank Signature Bankdır Bankın aktivləri 110.4 milyard dollar, depozit portfeli 88.6 milyard dollar, kredit portfeli isə 62.2 milyard dollar idi.
İflas edən 3-cü bank isə Silvergate Capital idi. Bu bankın depozit portfeli isə cəmi 3.8 milyard dollar idi. Bu bankla bağlı diqqətimi çəkən ən önəmli fakt isə budur ki, ABŞ-ın aparıcı kripto birjası olan Coinbase`in 240 milyon dollarlıq hesabı bu bankda idi. Coinbase bu vəsaiti kompensasiya edə bilməsə və ya bu itki onun likvidliyinə ciddi təsir edərsə kriptovalyuta bazarında da ciddi fəsadlar yarana bilər.
Bu məsələ maliyyə-bank sistemində yeni tənzimləmələrin meydana çıxmasına səbəb ola bilər. Məsələn, 1933-cü ildə qəbul edilmiş Glass–Steagall Qanuna görə investisiya bankları depozit cəlb edə bilməzdilər. 1999-cu ildə bu Qanun Gramm–Leach–Bliley Qanunu ilə ləğv edilmişdi. İnvestisiya banklarının depozit cəlbini qadağan edən yeni Qanununun lehinə və əleyhinə olan ciddi maliyyə təşkilatları mövcuddur.
Bu iflaslarda diqqət çəkən məqamlar çoxdur. FED-in inflyasiyanı boğmaq məqsədilə faiz artımları nə inflyasiyanı kifayət qədər aşağı sala bildi, nə də əmək bazarı və iqtisadiyyatdakı qızmanı soyuda bildi. Amma iqtisadiyyatda davam edən qızma təhlükəlidir və partlayışla nəticələnə bilərdi. Soyutma vacib idi. Çünki, faiz artımları dünyanın inkişaf etməkdə olan ölkələrində dollar qıtlığı (bu əslində pulunun rezerv valyuta olması səbəbindən o qədər də sərf etmir. Ayrıca mövzudur) ilə nəticələnsə də ABŞ-ın özündə köpüklərin azalmasına baxmayaraq iqtisadiyyat qızmaqda davam edirdi.
Birdən birə (əslində qlobal iqtisadiyyat və gedişatı izləyənlər üçün deyil, izləməyənlər və ictimaiyyət üçün) iflas faktlarının meydana çıxması suallar yaratdı. Nə üçün yaranmış vəziyyət barədə ABŞ bank tənzimləyiciləri ictimaiyyəti öncədən məlumatlandırmayıb? Batan banklardakı depozitlərin 90%-ə qədəri iri və sığortalanmamış depozitlər olması, ABŞ-ın məsələyə sakit yanaşması, iflaslara göz yumması (xilas etmək üçün heç bir addım atılmayıb) əslində məsələnin ABŞ-ın nəzarətindən və istəyindən kənar baş vermədiyini göstərir. Dünyada baş verən hər bir hadisənin, xüsusilə böhranların öz kontrolu altında olmasına üstünlük verən ABŞ nəzarətsiz resesiya və böhrandansa öz nəzarəti və senarisinə uyğun resesiya və böhranın olmasına üstünlük verər. Verdi də. Bundan sonra köpüklərin azalması, partlaması, iqtisadiyyatda tənzimləmələrin davam edəcəyi görünməkdədir.
P.S. 2018-2020-ci illərdə “ölkəmiz də yerli valyuta ilə xarici ikitərəfli ticarət ideyalarına qoşularaq bu trendə daxil olacaqmı” sualına ölkəmizin dollara qarşı demarş etmə lüksü və istəyi yoxdur və bunun sonrakı fəsadları da ağır olar cavabını vermişdim. Ölkəmiz bu məsələdə çox təmkinli və praqmatik davrandı. Çünki, ABŞ petrodollar sisteminə ən incə və zəif hesab olunan addımı belə unutmaz. Unutmadı da. Dollara qarşı demarş edən ölkələr üçün bu gün ən böyük problem dollar tapmaqdır.
P.S.S. Formalaşmaqda olan risklər və ümumiyyətlə risklərin idarə olunması, bu sahədəki çatışmazlıq və çağırışlar haqqında qarşıdakı bir neçə gün ərzində fikirlərimi diqqətinizə təqdim edəcəm.
Müəllif: Elman Sadiqov, iqtisadçı-ekspert